Cəbrayılın azad olunmasından 4 il ÖTÜR
Bölmə: Siyasət › ,Tarix: 21:37 04.10.2024
İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib.
"İnformator.az"a danışan politoloq Tofiq Abbasov qeyd edir ki, müharibə başlayanda Ermənistan o qədər əmin idi ki, guya bizə heç vaxt qələbə şansını verməyəcəklər:
"Biz o şansı özümüz əldə etdik, bizim olanı aldıq. Bütün dünyaya xalqımızın ordumuzun lazım gəldikdə mübariz, döyüşkən, cəsarətli olduğunu sübut etdik. Bizim üçün təbii ki, 4 oktyabr tarixi əhəmiyyətli bir gündür.
Əsgərlərin və zabitlərin göstərdiyi şücaət sayəsində Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca kəndlər, yaşayış məntəqələri, strateji mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Ermənistan ordusunda fərarilik halları dəfələrlə qeydə alındı. Silah- sursatlarını atıb qaçırdılar. Biz alnıaçıq, üzüağ bu vətən müharibəsini başa vurduq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz həm düşmənlərimizi, həm də dostlarımızı tanıyırıq. Bizim uğurumuza sevinənlər bizə mənən, ruhən yaxın xalqlar, qurumlar, ölkələrdir".
Ekspert əlavə edir ki, bizim əsas məqsədimiz bu tarixi yaşatmaq və əbədiləşdirməkdir:
"Bütün dünyaya bəlli olsun ki, bizim ordumuzun əsgərləri, oğulları həm vətənpərvər, həm qəhrəmandır . Amma ilk olaraq onlar insan oğludur. Ermənilər kimi barbar və vandal deyillər. O düşmən ki ölümdən başqa heçnəyə layiq deyil, amma bizim oğullarımız onları xilas ediblər. Budur bizim millətin mənəviyyatı, amalı və dəyərləri..."
Müharibənin səkkizinci günü – oktyabrın 4-də isə Prezident İlham Əliyevin müraciəti uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu".
Sitat: “...Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.
Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.
Zəhra Məmmədova