Uşağı yemək yeməyə məcbur etməliyik?-RƏY
Bölmə: Sosial › ,Tarix: 20:07 14.10.2024
Bəzən valideynlər uşaqları yemək yemədikdə və ya nəyisə etmək istəmədikdə məcbur etdirirlər. Bu nə dərəcədə düzgündür? Bu hal uşaqların psixologiyasına gələcəkdə necə təsir edə bilər?
Bu barədə "İnformator.az"a müsahibəsində psixoloq Elmir Əkbər deyir ki, uşaqları heç bir zaman yeməyə məcbur etmək lazım deyil:
"Məsələn, uşaq davamlı 1 həftə ac qala bilməz ki, təzə-təzə biraz yeməyə bilər, amma, sonra hər şey təbii vəziyyətinə qayıdacaq. Orqanizmin özü tələb edəcək və uşaq yemək yeməyə başlayacaq. Bu, nəinki uşağa psixoloji sağlamlıq verəcək, həm də fiziki sağlamlıq verəcək. Məcburi yemək yedizdirilən uşağın gələcəkdə şəkər, təzyiq kimi xəstəliklər yaranmaq ehtimalı dəfələrlə çoxdur. "Sağlam uşaq kök uşaq olmalıdır", bu fikir tamamilə yanlışdır. Əksinə, kök uşaqlarda cinsi inkişaf, psixoloji inkişaf səhv gedir. Ümumiyyətlə, hər bir hormonal sistemdə ciddi problemlər olur. İmmun sistemində ciddi problemlər olur. Ona görə də təbii buraxmaq lazımdır. Sadəcə olaraq, evdə sağlam qida olmalıdır ki, uşaq acanda onu yesin. Çalışmalıyıq ki, evdə şəkər, konfet, şokolad uşağın əlinin altında olmasın. Heç onları yeməsin, dadlarını da bilməsin. Uşağı sağlam qida ilə təmin etmək lazımdır. Buraxmaq lazımdır ki, özünün istəyi ilə orqanizmin tələbinə, səsinə uyğun olaraq, qidalansın. Belə olduqda biz sağlam gənclik yetişdirə bilərik".
Nigar Səmədli