Bakı-Qroznı faciəsi: -Rusiyanın mövqeyi suallar doğurur
Bölmə: Siyasət › ,Tarix: 21:20 27.12.2024
Bakı-Qroznı istiqamətində hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğraması dünya ictimaiyyətində dərin narahatlıq doğurub. Hadisənin ilkin araşdırmaları və yayılan məlumatlar göstərir ki, faciə təkcə texniki səbəblərlə izah edilə bilməz. Bu qəzada Rusiyanın hərbi hava qüvvələrinin iştirakı ilə bağlı iddialar xüsusi diqqət mərkəzindədir. Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə kölgə sala biləcək bu hadisə sülhə və qarşılıqlı etimada təsir edən kritik məqamlardan biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Sahil Kərimli bildirib ki, araşdırmaların ilkin nəticələrinə, ümumiyyətlə yayılan foto-video materiallarına və şahid ifadələrinə əsasən belə qənaətə gəlmək olur ki, Bakı-Qroznı təyyarəsini Rusiyanın hərbi hava qüvvələri vurub və bundan sonra qəza baş verib:
“Təəssüf ki, hətta təyyarə səhvən vurulmuş olsa belə, onun vaxtında enməsi təmin edilməli idi. Rusiyanın ərazisindəki hava limanlarından birində təyyarənin enişinə icazə verilməli idi. Ancaq bu baş verməyib və müvafiq qərar qəbul edilməyib. Nəticədə bu ağır faciə yaşanıb. Təəssüf doğuran məqamlardan biri də odur ki, Rusiya reallığı tam dərk etdiyi halda, Azərbaycan tərəfinə üzr ifadə edən heç bir açıqlama verməyib. Əksinə, müxtəlif saxta xəbərlər və yalan versiyalar ortaya atılıb. Hətta təyyarənin daxilində hansısa problemin baş verdiyini iddia edən şayiələr yayılıb.
Lakin faktlar göstərir ki, təyyarə kənar təsirə məruz qalıb və bu səbəbdən belə ağır nəticə ortaya çıxıb. Bir məqamı da vurğulamaq lazımdır ki, Rusiya Azərbaycanın müttəfiqidir. Müttəfiq bir ölkənin Azərbaycana qarşı belə mövqe tutması ciddi suallar yaradır və böyük təəssüf doğurur. Ümid edirik ki, tezliklə Rusiya dövlət orqanları, ən yüksək səviyyədə – Rusiya rəhbərliyi Azərbaycandan üzr istəsin və uyğun addımlar atsın”.
Politoloqun sözlərinə görə, Rusiya üzrxahlıq etmədiyi halda, bu, dövlətlərarası münasibətlərin soyumasına və gərginləşməsinə səbəb ola bilər:
“Bu isə indiki şəraitdə arzuolunan deyil. Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında Rusiyanın imkanlarından faydalanmağa çalışır. Bu baxımdan iki ölkə arasında münasibətlərin korlanması müsbət heç nə vəd etmir. Azərbaycan tərəfi məsələnin həlli ilə bağlı öz üzərinə düşən bütün prosedurları icra edir. İndi gözlənilən odur ki, Rusiya Azərbaycanın təyyarə qəzasına görə üzr istəsin”.
Vüqar Alışov