İran-İsrail gərginliyi yeni müharibəyə səbəb olacaq?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:29 17.10.2024

İranın xarici işlər naziri Abbas Araqçı BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib ki, İsrail İranın raket zərbələrinə qarşılıq verərsə, Tehran “həlledici və peşimanlıq verən” zərbə ilə cavab verməyə tam hazırdır.

İran və İsrail arasındakı qarşıdurmanın gərginliyi müharibəyə səbəb ola bilərmi?

Mövzunu "informator.az"a şərh edən politoloq Oktay Qasımov deyir ki, İranla İsrail arasında genişmiqyaslı savaşın olacağını düşünmürəm, amma İranın bu il ərzində 2 dəfə İsrailə raket və PUA-larla hücum etdiyini nəzərə alsaq, İsrail bunu cavabsız qoymayacaq:

"Nəzərə alsaq ki, artıq İsrail savaş hökuməti də, baş nazirə belə bir səlahiyyəti verib və İrana endiriləcək zərbələr İsraillə onun müttəfiqləri, xüsusilə də, ABŞ arasında müzakirə olunan əsas məsələlərdən biridir. ABŞ istəyir ki, İsrailin İrana cavabı məhdud çərçivədə zərbələr olsun. İsrailin özünün imkanı olsaydı, müttəfiqsiz qərar vermək imkanı olsa, İsrail İrana ən ağır zərbələri endirmək istəyərdi. Xüsusilə də, nüvə obyektlərinə, neft-qaz enerji sektoruna, İranın limanlarına, İslam keşikçiləri korpusuna və digər strateji obyektlərinə ziyan vurmaq istəyərdi, amma Amerika buna maraqlı deyil".

Politoloq son dövrlər İranı maraqlandıran məqamlardan danışıb:

"Birincisi, İran özünün proksilərini tam şəkildə İsrailin əleyhinə qaldıra bilib, bir tərəfdən Həmas, digər tərəfdə Hizbullahla savaşına Nail olub. Digər tərəfdən isə Husilər qırmızı dənizdə ticarətə maneə olmaqla İsrailə zərbələri endirməyə nail olmağa çalışır. Bu da İranı ürəkləndirən amillərdən biridir. Digər tərəfdən İranın hərbi gücü əvvəlki illərə nisbətən çox olduğundan və xüsusilə də, uzaqmənzilli raket sistemləri İranı daha ürəkli olmağa vadar edir, amma İran da çox yaxşı bilir ki, O, müəyyən bir həddi keçsə, İsraillə açıq qarşıdurma onun ciddi şəkildə zərərinə işləyəcək. Belə ki, İranın İsrail ilə bir-başa açıq savaşı İsrailin müttəfiqləri olan ABŞ və digər qüvvələr də, İrana qarşı hücuma keçə bilər. Bunun da nəticəsi İran üçün olduqca ağır ola bilər. İran açıq savaşa maraqlı deyil, amma İsrail İranın zəifləməsini istəyir və hazırda Qəzzada aparılan əməliyyatlar məhz yaxın və orta şərqdə İranın gücünün zəiflədilməsinə yönəlmiş əməliyyatlar kimi qəbul olunmalıdır".

Zəhra Məmmədova