Kirayə mənzil bazarında bahalaşma: Bu şəxslər CƏZALANDIRILMALIDIR..
Bölmə: Sosial › ,Tarix: 20:01 21.10.2024
Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər artmağa başlayıb. Səbəb COP29-a çox az bir müddətin qalmasıdır. Əmlakçılar şəhərə minlərlə qonağın gələcəyindən istifadə edərək günlük kirayə verilən evlərin qiymətini qaldırıblar.
Məsələ ilə bağlı "informator.az"a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, bu qiymət artımları daha çox COP29 tədbiri ilə əlaqədar ölkəyə gələcək turistləri nəzərə alaraq qaldırılıb:
"Həmin ərəfədə təkcə mənzillər deyil, otellərdə də kəskin qiymət artımları müşahidə olunur. Bu, yolverilməzdir. Çünki COP29 tədbiri Azərbaycanın dünyada tanıtım tədbiridir. Dünya ölkələri, nümayəndələr, ölkə başçıları ölkəmizə gəlirlər. Və hər bir vətəndaş öz ölkəsinin mənafeyini qorumaq üçün həmin zaman baha qiymətə verdiyi əmlakları belə qısa müddətlik olan tədbir üçün daha ucuz qiymətə kirayə verməlidir. Bu, ölkəmizin görünən siması, vizyonudur".
Ekspertin sözlərinə görə, COP29 tədbirinə görə istər otellərdə, istərsə də gündəlik kirayə mənzillərdə süni formada qiymət artıranlar cəzalandırılmalıdır:
"Çünki bu, birbaşa dövlət əhəmiyyətli bir tədbirdir və həmin süni qiymət artımının da qarşısı alınmalıdır. Gündəlik kirayə mənzillərdə həmin dövr üçün demək olar ki, qiymətlərdə iki-üç hətda dörd dəfə artım müşahidə olunur. Bu qiymət artımı da həmin dövr üçün nəzərdə tutulub, çünki yerli vətəndaşlar gündəlik kirayə mənzillərdən elə çox istifadə etmirlər. Ona görə ki, gündəlik kirayə mənzillərin qiyməti kəskin bahadır. O baxımdan həmin qiymət artımı noyabr ayının ortalarına qədər nizamlanaraq, əvvəlki qiymətinə qayıdacaq".
Mehriban Nəsibova