Könüllülükdən gənclərin qazandığı və itirdikləri... -Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 12:28 19.11.2024
Son zamanlar könüllülük sahəsində gənclərimizin fəal iştirakının şahidi oluruq. Ölkəmizdə könüllülük fəaliyyətinin təşkilini təmin edən orqanlar var. Əksər hallarda da tələbə gənclər düşünür ki, bu proqrama qoşulsalar, gələcəkdə iş tapmaları asan olacaq.
Bəs könüllülük fəaliyyəti gənclərə nə qazandırır? Qurumlarda könüllülük fəaliyyəti necədir?
Bu barədə sosioloq Lalə Mehralı “informator.az”a açıqlamasında bildirir ki, könüllü proqramlara qoşulma meyili universiteti yenicə bitirən tələbədən təcrübə tələb edən iş verənlərin sayəsində qaynaqlanır:
“Çünki tələbə düşünür ki, universiteti bitirdikdən sonra iş axtaranda iş verən ona müəyyən sahədə təcrübə tələb edəcək. Universiteti dünən bitirən şəxsdən 1-2 il təcrübə tələb etmək bir qədər absurd məsələdir. Ehtiyac olmadığı vəziyyətlərdə təcrübəni ön plana çəkmək ədalətsizlikdir. Bəzən elə hallarda elə təcrübə tələb edirlər ki, gənc bu təcrübəni yığmaq üçün 10 yaşından işləməli idi. Tələbələrin könüllülük prinsipi əsasında dərsdən sonra fəaliyyət göstərmələri onları yorur. Dərsinə vaxt ayıra, istirahət edə, mənəvi dincələ bilmir, fiziki çox yorulur. Bütün bunlara rəğmən könüllülük proqramlarına qoşulur ki, universiteti bitirəndən sonra iş tapmaqda çətinlik çəkməsin, "təcrübən yoxdur" deyilməsin. Bu vəziyyətdə könüllük proqramı tələbələrə təcrübə qazanmaq imkanı verir”.
Sosioloqun sözlərinə görə, könüllülük proqramının faydası olsa da, gənclərə zərərləri də var:
“Günün yarısını universitetdə keçirən gənc, 2-ci yarısını könüllük proqramına qoşulur. Və həmin proqramın tələb etdiyi işləri görür. Həmin proqramların həyata keçirilməsi üçün ona düşən öhdəliklərə vaxt ayırdığı üçün təhsilindən geri qalır. Semestri yüksək qiymətlərlə başa vurma potensialı olan bir gəncin könüllük proqramında təcrübə qazanmaq imkanını əldən verməmək üçün təhsilini qurban verməli olur”.
Kəmalə Vəliyeva