Gənclərin peşə seçimində üstünlükləri
Bölmə: Sosial › ,Tarix: 23:10 20.11.2024
Günümüzdə gənclərin peşə seçimində qarşılaşdığı problemlər az deyil. Düzdür, son illər müəyyən təşəbbüslər var, amma indi də əmək bazarının çox sürətli inkişafı, optimal peşə seçiminə imkan vermir. Tezliklə bir çox peşələr yox olacaq, əvəzində yeni peşələr yaranacaq, amma hansı peşələr yaranacaq, bu suala cavab vermək çətindir.
Bu məsələ ilə bağlı təhsil eksperti, dosent İlham Əhmədov "İnformator.az" saytına açıqlamasında bildirib ki, gələcəkdə yaranacaq yeni peşələr müasir texnologiyalar, rəqəmsallaşma və digər ictimai-siyasi prosseslərlə əlaqədar olacaqdır:
" Bu peşələr süni intellekt, ekologiya, davamlı inkişaf və digər sferalardakı proseslərin nəticəsi kimi yaranacaqdır. Gələcəyin peşələri həmçinin texnologiyaların, cəmiyyətin tələbatı, ekoloji problemlərin təsiri ilə də yarana bilər.
İnsanlar daim öyrənməli, yeniliklərə açıq olmalı, sürətli inkişafa uyğunlaşmalı, yeni texnoloji bacarıqları vaxtında mənimsəməlidirlər. Bu mənada 21-ci əsrin vərdişləri kimi adlanan "vərdişlər sistemi"nə yiyələnməlidirlər.
Belə ki, davamlı və sürətli dəyişikliklərin baş verdiyi 21-ci əsrdə, üstünlük yaradacaq amillər nəzəri biliklər yox, bacarıqlardır. Gənclərimiz “21-ci əsr bacarıqları” adlandırılan bacarıq və səriştələri inkişaf etdirməklə gələcəyin əmək bazarında gözlənilən rəqabətə hazır olmalıdırlar.
Bəs 21-ci əsr bacarıqları nədir? Dünya İqtisadi Forumu tərəfindən bu bacarıqlar 3 kateqoriyada təsvir edilmişdir".
Ekspertin sözlərinə görə, bu vərdişlər gələcəyin peşələrini mənimsəməkdə, karyera yüksəlişində mühüm rola malikdir:
" Ümumən gələcəyin peşələrini belə qruplaşdırmaq olar:
1.Süni intellekt və avtomatlaşdırma
2.Rəqəmsal texnologiyalar və İT sahəsi
3.Rəqəmsal marketinq və media
4.Sağlamlıq və aviatexnologiya
5.Ekoloji və enerji sahələri
6.Dizayn və yaradıcılıq
7.Qlobal logistika və digərləri.
Gələcəkdə təlabatdan asılı olaraq başqa peşə qrupları da yarana bilər. Belə şəraitdə isə əmək bazarını proqnozlaşdırmaq çətindir. Bu isə təhsil sistemi üçün qeyri müəyyənlik yaradır, bu sahəni proqnozloşdırmağa problem yaradır. Ümumən təhsil sektoru həmişə konservativ olub, əmək bazarını qabaqlamaq əvəzinə onun arxasınca gedib. İndi isə sürətli inkişaf dövründə bu daha da çətin olacaqdır".
"Müasir gənclər daim yeniliklərə açıq olmalı, özünü inkişafa meyl etdirməlidir. Çünki, 21-ci əsrdə savadlı insan yazıb- bacarmağı bilən yox, müstəqil öyrənməyə hazır olan, inkişafa meylli olan insandır. Bu keyfiyyət qeyri-müəyyən gələcəkdə yaranacaq peşələri daha tez mənimsəməyə imkan verəcəkdir",- deyə ekspert fikirlərini yekunlaşdırıb.
Fidan Fərhadlı