Ermənistanda siyasi gərginlik ARTIR: Ukraynanın taleyi yoxsa hakimiyyət üçün təhdid?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:19 22.11.2024

Hazırda Ermənistan daxilində siyasi gərginliyin olduğu aydın gözə çarpır. Paşinyan hakimiyyətinə qarşı mövqelər onun devrilməsini istəyir. Paşinyan isə hakimiyyətini qorumaq üçün referandum keçirməkdən çəkinir. O, 2026-cı ildə parlament seçkilərinə hazırlaşır. Ermənistan daxilində bir çox politoloqlar əslində, Paşinyanın Bakının tələblərini yerinə yetirəcəyini bildirir.

Mövzunu "İnformator.az"a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Ermənistan üçüncü tərəflərin təsirindən çıxıb, regional əməkdaşlığa önəm verməlidir:

"Ermənistan daxilində siyasi vəziyyət gərgindir. Məsələn, son vaxtlar Ermənistanda nazir və nazir müavinlərinin kütləvi istefası bu fikri bir daha təsdiqləyir ki, Ermənistan siyasi elitasında ciddi xaos var və bunun müxtəlif səbəbləri ola bilər. Əsas versiya da Ermənistanın xarici o cümlədən, regional siyasi kursu ilə bağlıdır. Ermənistan daxilində bir çox siyasətçilər hakimiyyətin Azərbaycana münasibətlərinin normallaşdırılmasına dair mövqeyi ilə barışmaq istəmirlər və buna etiraz edirlər. Bu məsələ müəyyən qədər mümkün sülh sazişinə təsir edə, onu ləngidə bilər. Amma bu gün Paşinyandan tələb olunan siyasi iradədir. Nikol Paşinyan siyasi iradə nüməyiş etdirib, konstitusiya dəyişikliyinə getməlidir və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Bunu konstitusiya səviyyəsində təsdiq etməlidir. Bakının da sülh sazişi ilə bağlı əsas şərti budur. Bu olandan sonra artıq sülh sazişinin imzalanmasına faktiki olaraq heç bir əngəl qalmayacaq və həm rəsmi Bakının, həm də rəsmi İrəvanın verdiyi açıqlamalar onu deməyə əsas verir ki, sülh istiqamətində xeyli yol qət olunub".

Şərhçinin sözlərinə görə, Paşinyanın konstitusiya dəyişikliyinə getməsi riskli qərar olar:

"Bu, daxildə müəyyən çaxnaşmaya səbəb ola bilər: həm siyasi elitada, həm də xalq arasında. Hətta yenidən hakimiyyət əleyhinə aksiyaların başlaması, çevriliş cəhdi, müxalifətin ayağa qalxması mümkündür və Paşinyanda özünəinam və siyasi iradə yoxdur. Ona görə də bu riskli addıma getmir. Paşinyan ölkədəki qeyri-stabil vəziyyəti görür və real qiymətləndirir. Başa düşür ki, Azərbaycanla münasibətlərin normallaşmasına hansısa addım artıq hazırkı qeyri-stabil vəziyyətin böhrana çevrilməsinə səbəb ola bilər. Ona görə də bu vəziyyət sülh sazişinə təsir edə bilər. Amma əsas məsələ Ermənistanın müstəqil xarici siyasət kursuna malik olmamasıdır".

Kənan Novruzov vurğulayıb ki, Ermənistan Fransanın ‘’çaldığı hava ilə oynayır":

"Ermənistanın baş naziri və prezidenti COP29 tədbiri başlamadan əvvəl bildirdilər ki, biz istəyirik ki, COP29-dan əvvəl sülh sazişi imzalansın, buna hazırıq. Bunu deməklərinə baxmayaraq, heç biri konstitusiya dəyişikliyi barədə danışmadı. Rəsmi Bakının konkret tələbi var ki, əvvəlcə konstitusiya dəyişikliyi olmalıdır, ondan sonra sülh sazişi imzalana bilər. Birinci addım haqqında danışmadan, ikinci addım haqqında danışmaq sadəcə absurddur və Ermənistanın özünü beynəlxalq ictimaiyyətə xoş göstərmək və özünü "sülh göyərçini" kimi göstərmək cəhdidir. Yəni, sabah deyəcək ki, biz sülhə hazırıq, amma Azərbaycan sülh istəmir. Lakin Azərbaycan konkret, haqlı, beynəlxalq hüquqa əsaslanan, öz təhlükəsizlik təminatına söykənən tələbi var ki, Ermənistan konstitusiya dəyişikliyinə getməlidir, Azərbaycana ərazi iddialarından əl çəkməlidir və bu olmadıqca sülh sazişi imzalanmayacaq. Bu gün sülh sazişinə daha çox Azərbaycan maraqlı olsa da, bu saziş Azərbaycandan çox Ermənistana lazımdır. Azərbaycan ərazi bütövlüyünü tam təmin edib və inkişaf etməkdə olan dövlətdir, regionun əsas oyunçusudur, beynəlxalq müstəvidə sözü keçən siyasi aktordur. Amma Ermənistanın bu gün getdikcə vəziyyəti pisləşir, Qərb və Rusiya arasında siyasi poliqona çevrilib, gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona da çevrilə bilər, hakimiyyət üçün təhdid var. Belə bir vəziyyətdə Ermənistana təhlükəsizlik çətiri lazımdır, bu təhlükəsizlik çətiri də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Bunun üçün də Ermənistan üçüncü tərəflərin, o cümlədən, Fransanın təsiri altından çıxaraq regional əməkdaşlıq yolunu tutmalıdır və Azərbaycanın tələblərini yerinə yetirərək sülh müqaviləsini imzalamalıdır",-deyə şərhçi fikirlərini yekunlaşdırıb.

Günel Verdiyeva