Azərbaycanda kitab oxuyanları sayı azdır

Bölmə: Sosial › ,
Tarix: 21:11 04.12.2024

Statistikaya görə, Azərbaycanda kitab oxuyanların sayı kəskin azdır. Əhalinin 92%-i ümumiyyətlə kitab oxumadığını bildirir ki, bu da olduqca mənfi göstəricidir.

 

Azərbaycanda kitab oxuyanların sayının azalmasının səbəbləri nələrdir ?

 

Bu mövzuda sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev "İnformator.az"a açıqlamasında bildirib ki, rəqəmsal cəmiyyət və internet əsrində yaşayırıq və bu, oxu mədəniyyətinə ciddi təsir göstərir:

 

“Əvvəllər internet mövcud deyildi, rəqəmsal cəmiyyət formalaşmamışdı. İnsanlar daha çox çap ədəbiyyatına önəm verirdilər. Həmin dövrlərdə ədəbiyyat iki qrupa ayrılırdı: bibliofillər (kitabı sevib oxuyanlar) və bibliomanlar (kitabı oxumasa da, rəflərində saxlamağı sevənlər). O dövrdə çap ədəbiyyatı bu formada daha geniş təbliğ olunurdu.


Müstəqillik dövründə və internet əsrində isə oxu mədəniyyətində böyük dəyişikliklər baş verib. İnsanlar artıq informasiyanı yalnız çap mətbuatından deyil, sosial şəbəkələr və digər rəqəmsal vasitələrlə əldə edirlər. Bu isə kitab oxuma vərdişlərini zəiflədir. Müasir dövrü əks etdirən maraqlı ədəbi nümunələrin azlığı da kitab oxuma mədəniyyətinin azalmasına səbəb olur”.

 

Ekspert oxu mədəniyyətini inkişaf etdirmək üçün təkliflər irəli sürüb:

 

“1. Müasir ədəbiyyat nümunələri: Zamanın ruhunu əks etdirən, oxucunu maraqlandıracaq əsərlərin yaradılması vacibdir. Müxtəlif yaş qruplarına uyğun əsərlər yazılmalıdır.

 

2. Mütaliə vərdişlərinin aşılanması: Kiçik yaşlardan, yəni bağça və məktəb səviyyəsindən başlayaraq oxu mədəniyyəti formalaşdırılmalıdır. Müəllimlər və pedaqoqlar şagirdlərə mütləq bədii ədəbiyyat oxumağı tövsiyə etməli və əsərləri orijinaldan oxumağı təşviq etməlidirlər.

 

3. Kitabların təbliği: Televiziya, sosial media və digər KİV-lərdə yeni ədəbi nümunələrin anonsu və təbliği həyata keçirilməlidir. Tanınmış imzalar oxuculara maraqlı əsərləri tövsiyə etməli və bu barədə fikirlərini paylaşmalıdırlar.

 

4. Kitab sərgiləri və kitabxanalar: Paytaxtla yanaşı, region və kəndlərdə də müasir çağırışlara cavab verən kitab sərgiləri keçirilməli və kitabxanalar yaradılmalıdır. Elektron və çap kitabları bir araya gətirən müasir kitabxanalar cəmiyyətə daha çox fayda verə bilər.

 

5. Ədəbiyyat günləri və görüşlər: Yazıçılarla görüşlər təşkil edilməli, əsərlərinin təqdimatları keçirilməlidir. Xarici ədəbiyyat nümunələri və qərb yazarlarının təqdimat günləri müntəzəm olaraq təşkil olunmalıdır. Bu tədbirlər oxu mədəniyyətinin artırılmasına töhfə verə bilər.

 

Müasir dövrün tələblərinə uyğun olaraq həm yerli, həm də beynəlxalq ədəbiyyatın təbliği artırılmalıdır. İnsanların oxu mədəniyyətini inkişaf etdirmək üçün müxtəlif yaş qruplarını hədəfləyən tədbirlər həyata keçirilməli və kitabı sevdirəcək layihələr hazırlanmalıdır”, - deyə o, fikirlərini yekunlaşdırıb.

 

Mahmud Seyran