"Azərbaycan multikulturalizmi həyat tərzimizdir"
Bölmə: Sosial › ,Tarix: 22:26 04.12.2024
Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "informator.az"a açıqlamasında Azərbaycanın tarixən multikultural bir coğrafiyasından, burada müxtəlif mədəniyyətlər, dini konfessiyalar, təriqətlərin mövcud olmasından danışıb:
"Azərbaycan etnik cəhətdən müxtəlif bir coğrafiya olaraq, müxtəlif etnik və etnoqrafik qrupların yaşadığı bir məkan olub. Multikulturalizm Azərbaycanda həyat tərzi kimi mövcuddur. Tolerantlıq və multikultural həyat tərzi artıq Azərbaycan cəmiyyəti üçün xarakterikdir və yalnız bu günün hadisəsi deyil. Tarixən Azərbaycan, müxtəlif mədəniyyətlərin harmoniya şəklində mövcudluğunu qoruyan bir coğrafiya kimi tanınıb. Hələ orta əsrlərdə Nizami Gəncəvinin əsərlərində fərqli mədəniyyətlərin, dünya görüşlərinin və dəyərlərin bir arada yaşamasından bəhs edilib. "Bizdə bərabərdir hamının varı, bərabər bölərik bütün malları" sözləri ilə Nizami Gəncəvi dünyaya bir mesaj ötürülüb.
Azərbaycan cəmiyyəti tarixən tolerant və multikultural bir cəmiyyət olub, hətta Roma papası da Azərbaycana səfər edərkən, ölkəni bu şəklidə təqdim etdi. Ölkə başçımız, multikultural dəyərlərin dünyaya yayılması məqsədilə Azərbaycanda "Multikulturalizm ili" elan etdi, eyni zamanda multikultural mərkəzlər açıldı və müxtəlif qlobal tədbirlər həyata keçirilib.
İlham Əliyev daim bildirir ki, multikulturalizm Azərbaycanın mədəni sərvətidir. Bunun bariz nümunəsi 44 günlük Vətən müharibədir. Zəfərlə başa çatan Qarabağ müharibəsində, Azərbaycanın müxtəlif toplumları və xalqlarının harmoniyası, həmrəyliyi və güc birliyi nəticəsində müzəffər bir qələbə əldə edilib. Qələbədən dərhal sonra, President Şuşada multikultural dəyərlərə əsaslanaraq tədbir həyata keçirib".
Sosioloq mədəniyyətlərin dialoqu və bir-biri ilə sıx təması, cəmiyyətlərin və coğrafiyaların inkşafını təmin etməsindən danışıb :
"Azərbaycanın bu multikultural dəyərləri ilə yanaşı, dünyanın müxtəlif coğrafiyalarında mədəniyyətlərin və sivilizasiyaların toqquşması müşahidə edilir. 1992-ci ildə Samuel P. Huntingtonnun" Sivilizasiyaların toqquşması" əsərində belə bir dövrün başlanğıcını proqnozlaşdırıb. Artıq bunu müxtəlif ölkələrdə və coğrafiyalarda görürük, lakin Azərbaycan sivilizasiyalar toqquşduğu bir şəraitdə belə öz multikultural dəyərlərinə sədaqətini nümayiş etdirir.
Multikulturalizm Azərbaycan cəmiyyətinin və coğrafiyasının inkişafına xidmət edir, Ulu öndərin dediyi kimi, Azərbaycan dünyaya bir günəş kimi doğur.
Azərbaycanın multikultural, tolerant mühiti bütün dünya üçün cəlbedicidir. Dünyanın müxtəlif ictimai-siyasi və mədəniyyət xadimləri Azərbaycana gəldikdə, bu gerçəkliyi görürlər və digər coğrafiyalar üçün də bunu arzulayırlar. Biz düz yoldayıq. Bu yalnız siyasət məsələsi yox, bizim həyat tərzimizdir. Dünyanın belə bir həyat tərzinə ehtiyacı var, çünki etnik, milli, mədəni və dini qarşıdurmalara son qoyulmalıdır.
Təəssüflər ki, Yaxın Şərqdə mədəni və dini toqquşmalar nəticəsində humanitar fəlakətlər baş alıb gedir.
Demokratiyadan danışan Avropa və Amerika ölkələrində bu gün seqreqasiya, irqçilik özünü açıq şəklidə göstərir. Almaniya və Fransa da açıq şəkildə bildirirlər ki, Almaniya albanlar üçündür və Fransa fransızlar üçündür.
Özünün demokratiyanın carçısı adlandıran ölkələrdə, multikultural münasibətlər yalnız sözlərlə ifadə edilir, amma əməldə dözülməz münasibətlər nümayiş etdirilir.
Fransada, Almaniyada və digər Avropa ölkələrində İslam dini və hicab, eləcə də Quranın yandırılması kimi hallar cəmiyyətlərə baş ucalığı gətirmir.
Bu dövlətlər Azərbaycan örnəyindən nümunə götürməlidirlər. Çünki Azərbaycan coğrafi baxımdan və əhali sayına görə böyük olmasa da, multikultural və tolerant bir ölkə olaraq, sülh və əməkdaşlıq platforması təklif edir. Bu dünya üçün çox mühim bir nümunədir".
Çinarə Tarverdiyeva