Universitetdə ixtisaslarda hansı yeniliklər gözlənilir?

Bölmə: Sosial › ,
Tarix: 22:26 04.12.2024

Universitetlərdəki ixtisaslar haqqında müxtəlif fikirlər var. Bəzi ixtisasların əvəzlənməsi və ya ixtisasların sayının artırılması, azalması haqqında da subyektiv fikirlər mövcuddur. 

 

 Bu barədə elm və təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlamasında bildirib ki, ixtisaslar əmək bazarının tələblərinə uyğun olmalıdır:

 

"Universitetlərdə bəzi ixtisaslar var ki, onların adı ixtisas seçimi zamanı abituriyentləri çaşdırır. Məsələn, kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası var ki, bunu daha çox müasir elektron kitabxananı özündə əks etdirən adla əvəzləmək daha uyğun olar. Digər bu kimi adı cəlb etməyən ixtisaslar var. 

 

Digər tərəfdən, ixtisasların əvəzlənməsi, artırılması, azalması obyektiv yanaşmaya görə yox, əmək bazarının tələblərinə uyğun olmalıdır. Yəni, burada əsas məsələ həmin ixtisasa nə qədər tələbatın olub-olmamasıdır. Məsələn, 2025-ci ildə yeni ixtisas kimi əlavə ediləcək "Data analitikası" 21-ci əsrin ixtisasıdır və əmək bazarında geniş tələbat var".

 

Ekspertin sözlərinə görə, ehtiyac duyulan və yeni əlavə edilən ixtisasların necə tədris olunacağı və kimlərin tədris edəcəyi də çox vacib məsələlərdəndi:

 

"Həmçinin ehtiyac duyulan və yeni əlavə edilən qida texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, proqram təminatı mühəndisliyi, qidalanma və dietologiya, xüsusi pedaqogika, riyaziyyat və fizika müəllimliyi, davamlı inkişaf, heyvandarlıq ixtisaslarına da ehtiyac böyükdür. İkinci və əsas məsələ keyfiyyətdir. Bu ixtisasların hansı keyfiyyətdə tədris olunacağı, hansı mütəxəssislərin tədris edəcəyi olduqca önəmlidir. Yeni ixtisas yaratmaq və ya ixtisasın adını dəyişmək kifayət eləmir. Bu fənləri tədris edəcək təcrübəli, işinin mütəxəssisi olan pedaqoqlar yoxdursa, sadəcə müəllimlərin saatı düzəlsin deyə yeni ixtisaslar yaratmaq mənasızdır. 

 

"Data analitikası" üzrə Azərbaycanda yetəri qədər şəxslər var ki, peşəkar şəkildə müəyyən dövlət qurumları və şirkətlərdə işləyirlər. Həmin şəxslərin biliyindən, təcrübəsindən istifadə etmək məqsədilə hətta onları təhsilə cəlb etmək lazımdır. Yoxsa, informasiya texnologiyalarından dərs keçən və təcrübəsi bununla yekunlaşan, mühazirə oxumaqla işini bitmiş sayan yaşlı, innovativ yanaşmadan kənar qalmış müəllimlərlə bu iş tamamlanacaqsa, bu yenilik deyil".

 

Nigar Həsənzadə