Dəniz ekologiyası və çirklənmə-Ekoloq AÇIQLAYIR..

Bölmə: Sosial › ,
Tarix: 21:36 04.12.2024

Dənizlər yer üzərində ekoloji balansın qorunmasında mühüm rol oynayır. Dənizlər oksigen istehsal edir, qida mənbəyi kimi xidmət edir, iqlim dəyişikliklərinə qarşı tənzimləyici funksiyanı yerinə yetirir. 

 

Bəs dəniz və okeanlar hansı səbəblərdən çirklənir?

 

Bu barədə ekoloq İlqar Xəlilov “İnformator.az”a açıqlamasında bildirib ki, bu gün dəniz və okeanların əsas çirklənmə mənbələri neft və plastik tullantılardır:

 

“ Plastik tullantılar müxtəlif yollarla (çaylar, kanallar vasitəsilə, sahildə insanların qoyub getdiyi plastik materiallarla və s.) okean və dənizlərə daxil olur. Plastik tullantılar dəniz sularında 400-500 il qala bilir. Onlar dəniz və okeanların canlı aləmində toplanaraq son nəticədə, onlardan istifadə edən insan sağlamlığı üçün təhlükə mənbəyi olur. Plastik maddələrlə çirklənmənin qarşısını almağın ən effektiv yolu onların istehsalını dayandırmaq, təkrar emal etmək, dənizlərə plastik tullantılar atan hüquqi və fiziki şəxslərə qarşı iqtisadi sanksiyalar tətbiq etmək, xüsusilə də cərimə sanksiyaları, plastik materialları təbii, orqanik məhsullarla əvəz etməkdir. Dənizdə həm hasilat zamanı, həm də tankerlərlə neft daşınan zaman baş verən qəzalar nəticəsində tonlarla neft dəniz sularına qarışır. Hazırda kosmik peyklərdən alınan məlumata görə, okeanların 40 faizi neftlə çirklənmişdir. Neft çirklənməsi də biomüxtəlifliyə, bütövlükdə dəniz ekosisteminə mənfi təsir edir. Sahillərin neftlə çirklənməsi həm də turizmin inkişafına mənfi təsir göstərir”.

 

Ekoloqun sözlərinə görə, dəniz sahilində ekosistemlər həmin dənizlərin yerləşdiyi coğrafi enlikdən asılı olaraq müxtəlif olurlar:

 

“ Mülayim və rütubətli enliklərdə yerləşən dənizlərin üzvü aləmi də zəngindir. Sahil ekosistemləri də əsasən meşə landşaftından ibarətdir”.

 

Nərmin Həşimova