“Biomüxtəlifliyin qorunması təbiəti gələcək nəsillərə çatdırmaq üçün əsasdır”

Bölmə: Sosial › ,
Tarix: 22:18 04.12.2024

Ekoloq Rövşən Abbasov “informator.az”a açıqlamasında Azərbaycanın biomüxtəlifliyin qorunması sahəsindəki fəaliyyətlərindən danışıb.

 

Onun sözlərinə görə, biomüxtəliflik müəyyən bir ərazidə yaşayan növlərin cəmini ifadə edir və onun qorunması təbiətin gələcək nəsillərə ötürülməsi baxımından çox böyük əhəmiyyətə malikdir:

 


“Azərbaycan biomüxtəlifliyin qorunmasına dair beynəlxalq səviyyədə qəbul edilmiş Konvensiyaya qoşulan ölkələrdən biridir. Bu istiqamətdə ölkəmizdə milli parklar və qoruqlar yaradılıb. Burada müxtəlif növ canlılar – heyvanlar, sürünənlər və yırtıcılar qorunur. Xüsusilə qeyd etməliyəm ki, biomüxtəlifliyin qorunması gələcək üçün təbiətin olduğu kimi saxlanması deməkdir. Azərbaycanda milli parkların və qoruqların ümumi sahəsi artmaqdadır. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi ilə “Biomüxtəlifliyin qorunmasıüzrə milli plan” hazırlanır. Bu plan qlobal biomüxtəliflik hədəflərinə uyğunlaşdırılaraq ölkəmizin milli hədəflərini də əhatə edir.

 


Ekspert əlavə edib ki, növlərin qorunması, çaylarda ekoloji axınların təmin edilməsi, milli parkların sahəsinin artırılması, eləcə də ətraf mühitin çirklənməsinin qarşısının alınması kimi prioritetlər bu planda öz əksini tapıb:

 

“Bu istiqamətdə böyük işlər görülür və ölkə səviyyəsində biomüxtəlifliyin qorunmasına xüsusi diqqət ayrılır. Bu fəaliyyətlər bizə təkcə təbiəti deyil, həm də ölkəmizin ekoloji dəyərini gələcək nəsillərə ötürmək imkanı verir”.

 

Asiya Zeynallı