Dünya üçüncü nüvə dövrünün astanasındadır...
Bölmə: Dünya › ,Tarix: 21:40 05.12.2024
“Dünya dəyişib”,- admiral Sir Toni Radakin çərşənbə günü Birləşmiş Krallığın Kral Birləşmiş Xidmətlər İnstitutunda verdiyi mühazirədə deyib. “Qlobal güc dəyişir və üçüncü nüvə dövrü başlayır".
Radakin bu dövrün əvvəlki dövrlərdən "tamamilə daha mürəkkəb" olduğunu xəbərdar edib. Onun sözlərinə görə, birinci dövr Soyuq Müharibə zamanı baş verib, ikinci dövr isə tərksilah səyləri ilə xarakterizə olunub.
Radakinin fikrincə, dünya "sübhündə olduğu" bu üçüncü nüvə dövrü “çoxsaylı və eyni vaxtda yaranan problemlərlə, nüvə və pozucu texnologiyaların artması ilə, eləcə də əvvəlki təhlükəsizlik sistemlərinin demək olar ki, tamamilə olmaması ilə xarakterizə olunur".
Radakin bildirib ki, Rusiyanın Ukraynada apardığı müharibə və Yaxın Şərqdəki çoxsaylı münaqişələr qlobal sabitliyi alt-üst edib.
O, Şimali Koreya əsgərlərinin Rusiyanın Ukrayna ilə sərhədinə yerləşdirilməsini ilin “ən qeyri-adi hadisəsi” kimi qiymətləndirib. Bundan əlavə, Moskvanın İranın təmin etdiyi dronlardan istifadə etməsi və Yəmənin Husi üsyançılarını Qərbin Ukraynaya dəstəyi müqabilində silahlandırmaq hədəsi də diqqətə layiqdir.
Noyabr ayında Rusiya, ABŞ Prezidenti Co Baydenin Ukraynaya Amerikan istehsalı olan silahlarla Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirmək üçün icazə verməsindən iki gün sonra, öz nüvə doktrinasını yenilədi.
Buna baxmayaraq, Radakin hesab edir ki, Rusiyanın NATO-ya hücum etmə və ya işğal etmə ehtimalı yalnız “uzaqdan mümkün”dür, çünki Rusiya bilir ki, “cavab istər ənənəvi, istərsə də nüvə səviyyəsində sarsıdıcı olacaq".
Mənbə: CNN
Nuray Qurbanlı