Eqzema- yaz və payız aylarında kəskinləşən xəstəlikdir

Bölmə: Sosial › ,
Tarix: 20:46 06.12.2024

Eqzema xəstəliyi həm uşaqlarda, həm də böyüklərdə rast gəlinə bilər və bir çox fərqli səbəblərdən yaranır.

 

Bəs eqzema xəstəliyi nədir və hansı səbəblərdən yaranır?

 

Bu barədə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı dermatoveneroloqu Sevinc Kərimova “İnformator.az”a açıqlamasında bildirib ki, eqzema xəstəliyi dərinin allergik mənşəli genetik xəstəliyidir:

 

“ Bu xəstəliyin həqiqi eqzema, mikrob eqzeması, seboreik eqzema, dishidrotik eqzema kimi növləri vardır. Eqzema bədənin hər nahiyəsində rastlana bilər. Xəstəlik qaşınan vezikulyar səpkilərlə başlayır, vezikulyar səpkilər deşilir, içərisindən şəffaf seroz maye xaric olur və sonradan həmin səpkilər quruyaraq qabıqlanma, bəzi hallarda dəridə qanayan yaralar şəklində özünü büruzə verir, yorucu dərəcədə qaşınmalar olur. Əl və ayaqlarda dishidrotik eqzemaya rast gəlinir. Mikrob eqzeması isə bakterial infeksiyanın dəriyə qoşulması ilə başlayır, daha sonra irinli səpkilər prosesə qoşulur”.

 

Həkimin sözlərinə görə, xəstəlik yaz və payız fəsillərində daha da kəskinləşə bilir:

 

“Eqzemanın yaranma səbəblərində ekzogen və endogen faktorlar rol oynayır. Ekzogen faktorlar, xarici mühitin təsiri ilə, kontakt dermatitlər şəklində, müxtəlif kimyəvi maddələrin dəriyə təmasından başlayır. Endogen faktorlarda, mədə-bağırsaq sisteminin, ümumi orqanizmin atopik allergik durumunun ,neyro endokrin sistemin rolu var. Xəstəliyin diaqnozunun qoyulması dermatoloqların baxışı ilə həyata keçirilir. Diaqnozun qoyulması məsələsinə gəldikdə isə, orqanizmin allergik vəziyyətini dəyərləndirmək üçün qan təhlilləri aparılır və beləliklə, xəstəlik təsdiq olunur. Eqzemanın daha çətin formalarında differensial diaqnostika vasitəsilə diaqnoz qoyulur. Biopsiya vasitəsilə patomorfoloji analizlər hesabına diaqnozu dəstəkləmək mümkündür”.

 

Nərmin Həşimova