"30 il ATƏT-in Minsk qrupu heç bir şeyi həll etmədi"-Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:27 23.12.2024
Prezident İlham Əliyevin Rusiya mediasına açıqlamalarından sonra Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan mediasına açıqlamalar verib. Bu açıqlamalarda o sülh, delimitasiya-demarkasiya və dəmir yolu xəttləri ilə bağlı danışıb.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoliq Elşad Həsənov bildirib ki, Paşinyan müəyyən mənada sülh müqaviləsinin bağlanması üçün çabalar göstərir, daxili auditoriyaya hesablanmış müəyyən məsələləri, o cümlədən, Azərbaycanın onlara tutduğu iradları bildirir:
"Bəli, Azərbaycan Prezidentinin Rusiya kanalına verdiyi müsahibə geniş əks-səda doğurub, həm Rusiya mətbuatında, həm də Ermənistanda geniş müzakirələrə səbəb olub və bu müsahibədə əsasən son dövr reallıqları, dünyada gedən proseslər, o cümlədən, Azərbaycan-Ermənistan münasibətlərində, sülh müqaviləsinin bağlanmasında olan məsələlər: razılaşdırılmış 15 maddə və razılaşdırılmamış 2 maddə haqqında da Azərbaycan prezidenti öz fikirlərini bildirib. Azərbaycan Prezidenti öz çıxışında beynəlxalq hüquqa, BMT-nin normalarına əsaslanan məsələləri ortaya qoyub və Ermənistanın da bu sahədə razılığa gəlməsini istəyib".
Politoloq ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin bir-biri ilə əks tərəfdə duran ölkələr olduğunu vurğulayıb:
"ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması üçün yaradılmış bir qurumdur. Artıq 2020-ci ilin 10 noyabrında bu məsələ bitdi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Ermənistanın baş naziri bildirdi ki, ‘’Qarabağ Azərbaycandır’’. Azərbaycan hakimiyyəti də Ermənistanın ərazi bütövlüyünü tanıdı. Bununla da, ATƏT-in Minsk qrupunun həll edəcəyi məsələ qalmadı. 30 il ATƏT-in Minsk qrupu heç bir şeyi həll etmədi, amma 44 gün içində Azərbaycan prezidenti və Azərbaycan ordusu bu məsələni həll etdi və məsələ bitdi, üçtərəfli bəyənat imzalandı. Onu da demək lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri hazırda bir-biri ilə əks tərəfdə duran ölkələrdir. Orada Rusiya, Fransa,ABŞ,İngiltərədir. Bu gün onlar hamısı Rusiyaya qarşı bir cəbhədə birləşiblər. Paşinyan öz müsahibəsində Avropa İttifaqı müşahidəçiləri haqqında bildirir ki, delimitasiya olunmuş ərazilərdə müşahidəçilərə ehtiyac yoxdur. Bizim Ermənistanla sərhəddimiz 1007 km-dir. Onun 12 km-i delimitasiya olunub. Paşinyan demək istəyir ki, həmin ərazilərdə sakitlikdir, heç bir təhlükə yoxdur. O bu ərazilərdən müşahidəçilərin çıxarılmasını, amma digər ərazilərdə onların qalmasını istəyir. Bir növ özünü bir az sığortalayır".
Politoloq sonda qeyd edib ki, müxalifət xalqı Paşinyana qarşı qaldırmağa çalışır:
"Eyni zamanda, Paşinyan müəyyən mənada sülh müqaviləsinin bağlanması üçün cəhdlər göstərir, daxili auditoriyaya hesablanmış müəyyən məsələləri, o cümlədən, Azərbaycanın onlara tutduğu iradları bildirir. O bildirir ki, sülh müqaviləsi imzalandıqdan sonra, müqaviləyə baxılması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək, Məhkəmə də çıxardığı qərara əsasən onu təsdiq edəcək və parlamentə göndərəcək. Bunu əvvəlcədən sığortalayır ki, onların konstitusiya məhkəməsi preambulanı heçə sayır. Eynilə həm də, daxili publika üçün hesablanmış çıxışlarında deyir ki, Azərbaycanın konstitusiyasında ərazi iddiaları var. Amma o Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyünü tanıdığını da vurğulayır. Amma qeyd etmək lazımdır ki, Nikol Paşinyan müəyyən mənada digər rəhbərlərdən fərqli olaraq, xalqını yalançı miflərdən uzaqlaşmağa, reallığı qəbul etməyə çağırır. Müəyyən mənada da, öz xalqına yaxşılıq etməyə çalışır. O da reallığı başa düşür ki, Azərbaycan prezidenti doğru yolu göstərir, qonşuluq münasibətlərini yaxşılaşdırmaq istəyir. Amma anındaca Ermənistan müxalifəti ona qarşı çıxışlara başlayır. Bildirirlər ki, Paşinyan İlham Əliyevin tələblərini yerinə yetirərək Ermənistanı pis vəziyyətə gətirib çıxaracaq. Xalqı ona qarşı qaldıraraq seçkilərdə məğlub olmasını istəyirlər. Müxalifət xalqı Paşinyana qarşı qaldırmağa çalışır. Ancaq hesab edirəm ki, əhalinin böyük əksəriyyəti Paşinyanı dəstəkləyir. O Erməni xalqına başa salır ki, biz miflə yaşamalı deyilik, biz öz torpağımızda dövlətçiliyimizi inkişaf etdirməliyik, bunun üçün də qonşularımızla sülh şəraitində olmalıyıq və s. Əks təqdirdə Ermənistan məhv ola bilər. Hesab edirəm ki, Paşinyan və onun komandası çalışacaq ki, Azərbaycanın irəli sürdüyü tələblərə obyektiv yanaşacaq. Beynəlxalq hüququn çərçivəsində hazırladığımız sülh müqaviləsini bağlamağa çalışacaqlar".
Günel Verdiyeva