İşəgötürənlə işçi arasında müqaviləsiz əmək münasibətlərinin hüquqi nəticələri nələrdir ?
Bölmə: Sosial › ,Tarix: 21:06 06.12.2024
Müasir əmək bazarında işçi və işəgötürən arasında bağlanan əmək müqavilələri qanuni münasibətlərin əsasını təşkil edir. Bununla belə, bəzi hallarda tərəflər müqavilə bağlamadan əmək münasibətlərini davam etdirirlər. Bu vəziyyət qanunun tələblərinə uyğun gəlmədiyi üçün həm işçi, həm də işəgötürən üçün ciddi hüquqi nəticələr yarada bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Emil Qurbanov bildirib ki, qeyri-rəsmi əmək münasibətləri işçi hüquqlarının pozulması, sosial təminatların itirilməsi və işəgötürən üçün qanuni sanksiyalarla nəticələnə bilər:
"Dövlət Əmək Müfəttişliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilə bilər.
Dövlət Vergi Xidməti tərəfindən müvafiq faktların aşkarlanması halında hər bir işçi üçün hüquqi şəxs 1 000 manat məbləğində cərimələnə bilər. Əgər oxşar hüquq pozuntularının 10 nəfərdən daha çoxuna münasibətdə tətbiq edilməsi faktları müəyyənləşdirilərsə, müəssisə ilə bağlı cinayət işi açıla bilər".
Zəhra Məmmədova