Bağçalarda düzgün qidalanma necə olmalıdır?

Bölmə: Sosial › ,
Tarix: 21:26 06.12.2024

Bu gün əksər ailələr övladlarını bağçaya göndərərkən ən yaxşı bağçanı seçmək üçün müxtəlif araşdırmalar aparır. Bu prosesdə uşaqlar üçün hazırlanan yeməklərə və onların gigiyenasına xüsusi diqqət yetirilir.

 

Bəs bağçalarda qida və gigiyena standartlarının əsas prinsipləri hansılardır?

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məshəti Hüseynova bildirib ki, bağçalarda və məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasına mütləq şəkildə hər bir bağça müdiriyyəti nəzarət etməklə yanaşı, eyni zamanda aidiyyəti üzrə dövlət orqanları da mütəmadi olaraq yoxlanışlar etməlidir:

 

"Yaxşı olar ki, yeməklər uşaqlara təqdim olunan menyular üzrə əvvəlcədən tərtib olunmuş normalara əsaslansın. Xüsusilə də qidalanma tələbləri müxtəlif yaş qruplarına uyğun olaraq vitamin və mineral balansını təmin edəcək şəkildə təbii və təzə ərzaqlardan hazırlanmalıdır. Yeməklər hər bir özəl və dövlət bağçasında fərqli şəkildə təqdim oluna bilər. Lakin fərqli şəkildə təmin olunsa da, burada uşaqların böyüməsi və inkişafı üçün lazım olan vitamin və mineralları təmin edəcək şəkildə hazırlamalıdırlar".

 

Ekspertin sözlərinə görə, eyni zamanda mütəmadi olaraq qidalanmanın balanslı şəkildə təmin olunmasına dövlət orqanları, xüsusilə Səhiyyə Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə nəzarət edən qurumlar nəzarət həyata keçirməlidir:

 

 "Mərkəzi və yerli orqanların nəzarəti ilə yanaşı, mütləq şəkildə bağçada həmin qidaları hazırlayan personalın da mütəmadi olaraq tibbi müayinədən keçməsi təmin olunmalıdır".

 

Mehriban Nəsibova