"Əsas məsələ Türkiyənin “yeni Suriya” ilə nələr edəcəyidir"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 18:29 09.12.2024

"Suriyada 53 illik Əsəd rejimi süqut etdi. 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Hafiz Əsədin qurduğu avtoritar sistem “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) bağlı sünni qrupların devirdiyi Bəşər Əsədin ailəsi ilə birlikdə Rusiyaya sığınmaq məcburiyyətində qalmasına səbəb olub".

Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Rizvan Rzayev deyib.

Onun sözlərinə görə, Əsəd rejiminin devrilməsi 2010-cu il dekabrın 18-də Tunisdə mərkəzi hakimiyyətə qarşı başlayan və “Ərəb baharı” kimi tanınan etiraz dalğasının son mərhələsini tamamlayıb:

"Tunisdən başlayan proses qısa müddətdə Əlcəzair, Misir, Liviya və digər ərəb ölkələrinə yayılsa da, Suriyada sərt müqavimətlə qarşılaşıb. B.Əsəd 2024-cü ilə qədər hakimiyyətini qorumağı bacarsa da, dəyişən şərtlərə tab gətirə bilmədi. Əsəd rejiminin devrilməsini bir sıra səbəbləri mövcuddur. Beynəlxalq geosiyasi vəziyyət hazırda sabit deyil. Rusiya-Ukrayna müharibəsinin davam etməsi və Kremlin başının qarışıq olması, İranda sosial iqtisadi vəziyyətin yaxşı olmaması İsrail ilə gərginliyin davam etməsi, İsrailin Əsədə bəlkə də ən çox dəstək verəcək “Hizbullah”ı yorub zəiflətməsi, ABŞ-da Co Bayden hakimiyyətinin sonlanması və Donald Trampın hakimiyyətə gəlişi və s.-i göstərmək olar.
Əsəd Rusiya və İrana arxayın olaraq hakimiyyətini qoruyacağını düşünürdü. Lakin dəyişən geosiyasi şərtləri düzgün analiz etmədi. Həmçinin Türkiyənin artan təsirini lazımınca qiymətləndirə bilmədi".

Politoloq B.Əsədin xarici siyasətdə ciddi səhvlərə yol verdiyini də qeyd edib:

"Onların xarici siyasətdəki səhvləri baş verən proseslərin əsasını təşkil edir. Məhz elə bunlardan biri də Türkiyə ilə əlaqələrin düzgün qurulmaması idi. Əsəd son anda İraqdan Türkiyə ilə danışıqlarda vasitəçilik etməsini istəyib, lakin Bağdad buna cavab verməyib. İranın vasitəçiliyi də işə yaramadı. Halbuki Türkiyə Prezidenti R.T.Ərdoğan dəfələrlə Suriya ilə birbaşa danışıqlara hazır olduqlarını bildirsə də, müsbət cavab almadı. Vaxtında bu danışıqlar olsaydı, Əsəd Ankara ilə uzlaşa bilərdi.
Faktiki olaraq Suriyada mərkəzi hakimiyyət yox idi. Müxalif və silahlı qruplar ölkəni aralarında bölmüş, Əsədə isə müəyyən bölgələrə nəzarətlə kifayətləndi. Onun bir neçə dəfə mərkəzi hakimiyyəti bərpa etmək şansı olsa da, bunu etmədi. Bəşər Əsəddən sonra da Suriyanın gələcəyi hazırda gündəmdədir. Əksinə, rejimin devrilməsi Suriyadakı prosesləri səngitməyəcək, əksinə böyük gərginlik indi başlayır".

Politoloq sonrakı proseslərin necə davam etməsindən də danışıb:

"Əsəd Suriyada bir güc idi. Həmçinin onun boşluğunu doldurmaq uğrunda həm daxildəki qruplar, həm də xaricdəki qüvvələr mübarizəyə başlayacaqlar. Əsədin devrilməsi Ankara, Vaşinqton, Təl-Əvivin ortaq marağı idisə, yerini alacaq qüvvənin kim olması, ya da Suriyanın bölünməsi məsələsi ciddi fikir ayrılığına səbəb olacaq – xüsusilə Ankara və Vaşinqton arasında. ABŞ-nin Əsədi Ankaraya heçnəsiz güzəştə getdiyini düşünmürəm. Xüsusilə ABŞ-ın himayəsində dövlətləşmək istəyən və Suriyada bunu böyük ölçüdə tamamlayan kürd məsələsi başlıca gərginlik səbəbi olacaq. Əsəddən sonra Ankaranın növbəti hədəfi Rojava kürdləri olacaq. Suriyanın şimal şərqində həm hərbi, həm də bürokratik baxımdan güclənən bu ünsür ABŞ tərəfindən himayə edilir. Hətta Türkiyə bundan öncə bir neçə dəfə Deyr əz-Zor bölgəsində əməliyyata cəhd etsə də, Vaşinqtonun xəbərdarlıqlarına görə bu baş tutmadı. Türkiyə həmin məsələni həll edə bilməsə, hazırkı vəziyyət Ankara üçün daha böyük təhlükələri ortaya çıxaracaq.
Digər tərəfdən, İsrail-Türkiyə gərginliyi də göz qabağındadır. Hazırkı proseslərdə Təl-Əviv və Ankara ortaq hərəkət edir. Lakin tərəflərin yenidən əks mövqedə olduğunu demək olar. Bütün hallarda İsrail Türkiyənin nəzarətində, ya da Ankaraya sadiq bir Suriyanı özü üçün təhdid saya bilər. Nəticə etibarilə Əsədin devrilməsi Suriya və Yaxın Şərq üçün yeni bir səhifə olacaq. Əsas məsələ Türkiyənin “yeni Suriya” ilə nələr edəcəyidir. Kürd, miqrant məsələsi, yeni iqtidarla dialoq yolları və böyük güclərin Suriya planları Ankaranı gözləyən problemlər arasındadır".

Mayıl Soltanov