Disiplin və davamlılığın əhəmiyyəti-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:27 12.12.2024

Uğur qazanmaq, həyatda uğurlu insan olmaq hər kəsin arzuladığı, lakin hər kəsin nail ola bilmədiyi bir məqsəddir. Bəzən insanları uğurdan uzaqlaşdıran əsas səbəb tənbəllik olur ki, bunun da öhdəsindən gəlmək üçün disiplinli olmaq vacibdir.

 

Bəs disiplin nədir?

Disiplini necə qurmaq olar və onu necə möhkəmləndirmək mümkündür?

 

Məsələ ilə bağlı Ailə və Uşaq Psixoloqu, Təlimçi Aynur İsmayılova “İnformator.az”a açıqlamasında, uğuru sadəcə bir istək kimi qarşımıza qoymamalı olduğumuzu bildirib:

 

“Uğur hər kəsin hədəfidir, ancaq uğura çatmağa hər kəs nail ola bilmir. Bunun səbəbi odur ki, biz uğuru sadəcə bir istək kimi qarşımıza qoymamalıyıq. Necə ki, hər gün tələbatlarımızı ödəyirik, uğuru da tələbatımıza çevirməliyik. Yəni məqsədimizə çatmağı gündəlik məşğuliyyət halına gətirsək və hər gün həmin məqsədimiz üçün disiplinli şəkildə eyni addımları atsak, bu, uğura gedən yolu asanlaşdırar”. 

 

Ekspert “disiplin nədir” sualına belə cavab verib:

 

“Disiplin eyni addımı davamlı olaraq bezmədən atmaqdır. Məsələn, bir məqsədim varsa, hər gün özümə müəyyən vaxt ayırmalıyam. Nə qədər işim olursa olsun, eyni vaxtda eyni işi görməliyəm. Disiplin bu mənada, yəni hər şeyi vaxtında və yerində etmək, insanın köməyinə çatır. Hər gün eyni vaxtda eyni addımı atmaq, uğura çatmağı asanlaşdırır və arzulara daha tez nail olmaq imkanı yaradır.

Bununla belə, biz uğura və arzularımıza qeyri-tələbat kimi yanaşmamalıyıq. Onları həyatımızın ayrılmaz hissəsinə çevirməliyik ki, məqsədimizə çatmaq daha mümkün olsun”.

 

Mahmud Əskərli