"Məqsədimiz qadınların hüquqlarını qorumaq və onların cəmiyyətə fəal inteqrasiyasını təmin etməkdir" - -QHT sədri

Bölmə: Sosial › ,
Tarix: 14:06 26.12.2024

Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi İctimai Birliyinin direktoru İradə Polad Laçında səfərdədir.

QHT.az- a özəl açıqlama verən İradə Polad bildirib ki, səfərin məqsədi Laçın, Füzuli, Zəngilan rayonlarında aztəminatlı ailələr, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud insanlar və kimsəsiz uşaqlarla görüşlər keçirmək, onlara dəstək olmaqdır. Bu görüşlər çərçivəsində ailələrə hədiyyələr təqdim olunacaq və uşaqlarla yanvar ayının sonuna qədər davamlı tədbirlər təşkil ediləcək.

İradə Polad səfərin əhəmiyyətini vurğulayaraq bildirib:

"Bu insanlar öz ata-baba yurdlarına qayıdıblar və böyük ruh yüksəkliyi ilə yaşayırlar. Biz də təşkilat olaraq bu ailələrin yanında olmaq, onların övladlarına dəstək vermək qərarına gəldik. Bu təqdirəlayiq addım onları sevindirəcək və motivasiya edəcək."

Birlik olaraq, təşkilat 2005-ci ildən bu yana qadınların hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, məişət zorakılığından əziyyət çəkən şəxslərlə iş, insan alveri və narkomaniya ilə mübarizə istiqamətində fəaliyyət göstərir. 2025-ci ildən etibarən isə bu fəaliyyətlərin daha sıx şəkildə davam etdirilməsi planlaşdırılır.

İradə Polad əlavə edib ki, qayıdış olan regionlarda KİV-lərlə birgə iş, qadınların hüquqları barədə məlumatlandırılması və onların yaradıcılıq bacarıqlarının aşkarlanması üzrə təlimlərin keçirilməsi prioritetdir.

Sonda İradə Polad qeyd edib:

"Bizim məqsədimiz qadınların hüquqlarını qorumaq və onların cəmiyyətə daha fəal inteqrasiyasını təmin etməkdir. Bunun üçün mütəmadi görüşlər və layihələr həyata keçirməyə davam edəcəyik."

 

Pərvanə Fərhadqızı

QHT.az