Prezident Yun Suk Yol üçün həbs orderini uzadılıb

Bölmə: Dünya › ,
Tarix: 19:49 07.01.2025

Cənubi Koreya hakimiyyəti ötən ay gözlənilmədən hərbi vəziyyət elan edən, ölkənin vəzifəsindən uzaqlaşdırılmış Prezidenti Yun Suk Yolun dindirilməsi üçün həbs orderinin müddətinin uzadılması tələbinə razılıq verib.

 

Orderin müddəti bazar ertəsi gecə yarısı (Bakı vaxtı ilə 10:00) bitmişdi, lakin Seul Qərb Rayon Məhkəməsi Korrupsiya İstintaq İdarəsinin (CIO) müraciəti əsasında çərşənbə axşamı günorta saatlarında orderi yenidən təsdiq edib.

 

Orderin bitmə tarixi açıqlanmayıb. Adətən, orderlər yeddi gün müddətində qüvvədə olur, lakin hakim lazım bilsə, daha uzun müddət üçün təsdiqlənə bilər.

 

Polis və müdafiə nazirliyi ilə birlikdə Yunun istintaqını aparan CIO onun həbs edilməsi üçün polisdən orderi icra etməyi xahiş edib. Polis, korrupsiya əleyhinə agentlikdən daha böyük qüvvə və daha çox avadanlığa malik olduğu üçün həbs əməliyyatını həyata keçirmək üçün daha əlverişlidir.

 

Keçən ay qısa müddətli hərbi vəziyyət elan etməsi ölkədə böhran yaradandan sonra səlahiyyətləri əlindən alınan Yun, üsyana rəhbərlik etmək də daxil olmaqla bir neçə istintaq çərçivəsində dindiriləcək. Bu cinayət ömürlük həbs və ya hətta ölüm cəzası ilə cəzalandırıla bilər.

 

Dekabrın 31-də verilən ilkin orderin təsdiqlənməsi, vəzifədə olan prezidentə qarşı ilk belə hərəkət idi.

 

İstintaqçılar cümə günü Yunu həbs etməyə çalışıblar, lakin prezident iqamətgahında saatlarla davam edən qarşıdurmadan sonra geri çəkilmək məcburiyyətində qalıblar.

 

Bazar ertəsi günü prezident iqamətgahının yaxınlığında Yunun həm tərəfdarları, həm də əleyhdarları arasında gərgin mühitdə ağır polis nəzarəti altında etirazlar keçirilib. Yunun tərəfdarları onun həbsini əngəlləmək üçün gələcək cəhdləri də bloklamağa çalışacaqlarını bildiriblər.

 

Mənbə: CNN

Nuray Qurbanlı