Təhsildə rüşvətxorluq və qohumbazlıq: Təhsilin keyfiyyətinə təhlükə

Bölmə: Sosial › ,
Tarix: 20:22 07.01.2025

Təhsil sistemi hər bir cəmiyyətin inkişafının təməlidir. Lakin bu sahədə rüşvətxorluq və qohumbazlıq kimi neqativ hallar olarsa, bu, təhsilin keyfiyyətinə ciddi zərbə vurur. 

 

Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az" saytına açıqlamasında bildirib. 

 

Onun sözlərinə görə, təhsil müəssisələrində savadsız şəxslərin müəllim kimi işə qəbul edilməsi və ya vəzifəyə qohumluq əlaqələrinə əsasən təyinatlar gələcək nəsillərin inkişafına mənfi təsir göstərir:

 

"Rüşvətxorluğun təhsilə vurduğu ziyan yalnız fərdi deyil, həm də ümumi bir problem olaraq cəmiyyətin savadsızlaşmasına gətirib çıxarır. Savadsız müəllimlərin verdiyi keyfiyyətsiz tədris nəticəsində, şagirdlər düzgün bilik əldə edə bilmir, bu da uzunmüddətli perspektivdə cəmiyyətin inkişafını ləngidir.

Eyni zamanda, qohumbazlıq kimi hallar təhsil müəssisələrində şəffaflıq və ədalətin təmin olunmasına mane olur. Qanunvericilikdə qohumların birbaşa tabeçilik şəraitində işləməsi məhdudlaşdırılıb. Bu, həm də təhsil sistemində kadr seçiminin ədalətliliyinə kölgə salır". 

 

Ekspert vurğulayır ki, təhsildə rüşvətxorluğa qarşı mübarizə ən vacib vəzifələrdən biridir.

 

"Belə əməlləri vətənə xəyanət kimi qiymətləndirirəm. Qarşısını almaq üçün ciddi nəzarət və məsuliyyət mexanizmləri tətbiq olunmalıdır.

Nizam-intizamın gücləndirilməsi, şəffaflığın təmin olunması və ədalətli kadr siyasəti təhsil sistemində neqativ halların azalmasına şərait yaradacaq. Təhsil sahəsinin keyfiyyətinin yüksəldilməsi isə yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün əsasdır".

 

Çinarə Tarverdiyeva