Lavrovdan Trampa Qrenlandiya Məsləhəti!

Bölmə: Dünya › ,
Tarix: 23:42 15.01.2025

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Qrenlandiyanı ABŞ ərazisinə birləşdirmək planlarını irəli sürərkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov maraqlı məsləhət verib. Lavrov, “Krım və Donbasda getdiyimiz yolu izləyin. İctimaiyyətdən soruşun” ifadəsi ilə diqqət çəkib.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Danimarkanın Qrenlandiya muxtariyyətinə maraq göstərən Donald Trampa Rusiyanın Ukraynada tətbiq etdiyi metodları nümunə göstərməyi tövsiyə edib.

 

“Krımdakı Kimi Hərəkət Edin”

 

2024-cü ilin yekunlarını müzakirə etdiyi mətbuat konfransında Lavrov, bir sıra xarici siyasət məsələlərinə toxunub və Rusiyanın Qrenlandiya mövzusunda mövqeyi ilə bağlı sualı cavablandırıb. O, Tramp administrasiyasının Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyi barədə danışaraq belə deyib:


“Tramp Qrenlandiya ilə bağlı danışıqlara başlamazdan əvvəl Rusiyanın Krım və Donbasda etdiyi kimi, ilk növbədə yerli əhalinin fikrini öyrənməlidir. İnsanlar ABŞ-a qoşulmaq istəyirlərmi? Bu məsələyə aydınlıq gətirildikdən sonra qalan addımlar da atılmalıdır”.

 

Mənbə: CNN Türk
Kəmalə Vəliyeva