Rusiya Ukraynanın Enerji İnfrastrukturunu Hədəfə Aldı
Bölmə: Dünya › ,Tarix: 23:43 15.01.2025
Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya ordusunun raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə ölkənin enerji infrastrukturuna qarşı intensiv hücumlar təşkil etdiyini açıqlayıb.
Zelenski sosial media hesabında yayımladığı bəyanatda bildirib ki, Rusiyanın əsas hədəfi enerji sektorudur:
“Qışın ortasındayıq və rusların hədəfi dəyişməyib. Enerji infrastrukturumuzu məhv etməyə çalışırlar”.
Prezident qeyd edib ki, Rusiya ordusu bu hücum zamanı ballistik raketlər də daxil olmaqla 40-dan çox raketdən istifadə edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri bu raketlərdən ən az 30-nu məhv edib.
Bundan əlavə, hücumlarda 70-dən çox pilotsuz uçuş aparatının iştirak etdiyini bildirən Zelenski, Ukraynanın hava müdafiə sistemlərinin daim gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Ukrayna hava qalxanını möhkəmləndirmək üçün müttəfiqlərimizlə daha sıx əməkdaşlıq etməliyik”.
Zelenski bəyanatında həmçinin qeyd edib ki, Almaniyada keçirilən “Ramşteyn” formatlı görüşlərdə və Vaşinqtondakı NATO sammitində qəbul edilən hava hücumundan müdafiə dəstəyi ilə bağlı qərarlar hələ tam yerinə yetirilməyib.
Prezident əlavə edib ki, Ukraynanın hava müdafiə sistemlərinin istehsalı üçün tələb olunan lisenziyanı almaq məqsədilə yaxın zamanda müttəfiq ölkələrlə görüşlər keçirilib:
“Bu həll, ölkəmiz üçün vacib təhlükəsizlik zəmanəti ola bilər”.
Mənbə: CNN Türk
Hazırladı: Kəmalə Vəliyeva