Biznesdə etik problemlər: Şirkətlər sosial məsuliyyətlərini necə yerinə yetirməlidir?

Bölmə: Sosial › ,
Tarix: 20:42 31.01.2025

Müasir biznes dünyasında təkcə qazanc əldə etmək kifayət etmir. Şirkətlərin cəmiyyətə, ətraf mühitə və işçilərinə qarşı məsuliyyəti də önəmlidir. Sosial məsuliyyət prinsiplərinə əməl edən bizneslər həm müştəri etibarını qazanır, həm də uzunmüddətli uğur əldə edir. Lakin bəzi şirkətlər etik qaydalara əməl etmədən yalnız qazanc məqsədi güdür və bu da cəmiyyətdə narazılıq yaradır.

 

Bu barədə biznes eksperti İlkin Mirzəzadə "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, korporativ sosial məsuliyyət şirkətlərin ana məqsədi olmalıdır:

 

"Korporativ sosial məsuliyyət (KSM) hər bir şirkətin əsas məqsədlərindən biri olmalıdır. Şirkətlər bazara yeni kadrların yetişdirilməsindən tutmuş, həssas qruplara dəstək göstərməyə qədər bir çox sosial öhdəliklərini yerinə yetirməlidirlər. Çünki cəmiyyətdən qazanc əldə edirlərsə, onun inkişafına da töhfə verməlidirlər.

Lakin bəzi şirkətlər bunu yalnız qazanc məqsədi ilə edərək narazılıq yaradırlar. Eyni zamanda, korporativ sosial məsuliyyət çərçivəsində səmərəli fəaliyyət göstərən şirkətlərin sayı da kifayət qədərdir və getdikcə də artır".

 

Ekspert bu sahədə əsas çatışmazlığın KSM strategiyasının düzgün müəyyənləşdirilməməsi olduğunu vurğulayıb:

 

"Bu sahədə mövcud olan əsas çatışmazlıqlardan biri KSM strategiyasının düzgün müəyyənləşdirilməməsidir. Bəzən layihələr sadəcə "layihə xətrinə" həyata keçirilir, ya da onların aydın təməl prinsipləri olmur. Bundan əlavə, ayrılan büdcənin qeyri-effektiv xərclənməsi də ciddi problemlərdən biridir.

Digər əsas problem isə layihələrin qeyri-peşəkar icrası və düzgün istiqamətləndirilməməsidir. Bəzən KSM layihələrini peşəkar olmayan şəxslər həyata keçirir, nəticədə onların effektivliyi aşağı düşür. Eyni zamanda, reklam və PR strategiyalarının uğursuzluğu, layihənin cəmiyyətə düzgün təqdim edilməməsi də problemlər sırasındadır. Bu faktorlar layihənin təsir gücünü zəiflədir və onun real nəticə verməsinə mane olur. Əgər bu çatışmazlıqlar aradan qaldırılsa və bütün şirkətlər korporativ sosial məsuliyyətin əhəmiyyətini dərk etsələr, cəmiyyət üçün daha faydalı nəticələr əldə olunar".

 

Nuray Qurbanlı