Mario Lemina yenidən “Galatasaray”da!

Bölmə: İdman › ,
Tarix: 21:59 05.02.2025

Süper Liqada bu mövsüm ardıcıl üçüncü çempionluğunu qazanmaq istəyən “Galatasaray” transfer çalışmalarını sürətlə davam etdirir.Sarı-qırmızılılar Moratadan sonra Leminanın transferini də rəsmən açıqlayıb. Ulduz futbolçu artıq İstanbuldadır.

 

“Galatasaray” keçmiş futbolçusu Leminanın transferi ilə bağlı rəsmi açıqlama yayıb. Klubun bəyanatında deyilir:

“Peşəkar futbolçu Mario Rene Junior Leminanın transferi ilə bağlı futbolçunun özü və onun klubu “Wolverhampton Wanderers Football Club” ilə rəsmi danışıqlara başlanılmışdır".

 

“Galatasaray”ın transfer danışıqlarına başladığını elan etdiyi Qabonlu futbolçu Mario Lemina artıq İstanbula gəlib. Özəl təyyarə ilə Atatürk Hava Limanının Ümumi Aviasiya Terminalına enən 31 yaşlı yarımmüdafiəçini klub nümayəndələri və sarı-qırmızılı azarkeşlər qarşılayıb.

 

Mario Lemina açıqlamasında bu sözləri deyib:

“Bu hekayənin bitmədiyini demişdim. Yenidən burada olmaqdan çox xoşbəxtəm. Azarkeşlərimizi yenidən görəcəyim üçün həyəcanlıyam. Mənim arzum “Galatasaray” idi və artıq buradayam".

 

“Galatasaray”ın Mario Lemina ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli