“Qarabağ” sabiq futbolçusu Kady Borgesi yenidən heyətinə qatıb

Bölmə: İdman › ,
Tarix: 22:03 05.02.2025

Braziliyalı vinger artıq Bakıdadır. Kadynin komandaya geri dönməsi “Qarabağ”a necə təsir göstərəcək?

 

Mövzu ilə bağlı futbol şərhçisi Ramiz Mirzəzadə “informator.az” a açıqlamasında bildirib ki, Kadynin transferi ilə bağlı “Qarabağ” azərkeşlərinin sevimli futbolçusunun yenidən kamandaya qayıtması, “Qarabağ” azərkeşi sarıdan da, onun oyun üslubunu təsəvvür edən media əməkdaşları arasında da müsbət qarşılanır:

 

“Kady “Qarabağ”da yaxşı iz qoyub gedən futbolçudur. Onun komandaya cəlb olunması, komandanı tanıyan, istedadı bəlli olan oyunçunun “Qarabağ”a qatılması komandanın güclənməsi deməkdir. Kadynin gəlişi prosesində Romaonun getməsi komandanın əsas fiqurunun komandadan getməsi kimi qiymətləndirilir. Bu itkidir. Romao çox ciddi fiqur idi. Romaonun “Ferensvaros”a transferi “Qarabağ” üçün itkidir.

 

Patrick Andrade və ya Marko Jankovićin onun funksiyalarını yerinə yetirmək bacarığı, bəlkə də, var. Onlar bu işi müəyyən qədər həyata keçirə bilərlər. Azərbaycan çempionatında, bəlkə də, o qədər də ciddi şəkildə özünü göstərməz. Amma Avro kuboklarda Romaonun yoxluğunu mütləq şəkildə kollektiv hiss edə bilər. Ona görə “Qarabağ” ın dayaq yarımmüdafiəçi mövqeyinə futbolçu transfer edəcəyi də gözləniləndir. Romaonun göstəricələrinə yaxın bir fiqurun heyətə cəlb olunması labüddür”.


Ramiz Mirzəzadə klubun bundan sonrakı proseslərindən də söz açıb:

 

“ “Qarabağ” komandasının transfer siyasətini davam etdirəcəyini qarşıda çox az vaxt qalıb. Transfer pəncərəsinin bağlanması fevralın 10-na qədərdir. Ağdam klubunun mərkəz hücumçusuna ehtiyyacı var. Müdafiənin mərkəzində artıq Bədavi Hüseynovun kifayər qədər zəifləməsinin şahidiyik. Yaş amili də var. O mövqedə “Qarabağ” ın bir mərkəz müdafiəçisi ilə komandanı gücləndirməsi gözləniləndir. Medinanın komandada qalıb-qalmayacağı məsələsi sorğu-sual olunur. Medina qalarsa, bir müdafiəçi ilə bu işin öhdəsindən gəlmək olar. Amma Medinanın komandanı tərk etməsi, əgər reallaşsa, bu köklü dəyişikliklərlə nəticələnə bilər. Komandada yeni transferlərin daha çox olmasına gətirib çıxara bilər. Yassine Benzianın komandanı tərk etmə ehtimalı davam etməkdədir. Onunla “Qətər” komandası maraqlanır. Ola bilər ki, Yassine Benzia komandanı tərk etsin. O mövqeyədə hansısa bir futbolçunun cəlb olunması mümkündür. Amma ümumilikdə “Qarabağ” komandasının yenidən Qurban Qurbanovun rəhbərliyi altında Avro kuboklarda əvvəlki qədər uğurlu bir qrafiq cızacağına güvənirik. Bunun üçün müəyyən qədər vaxt lazımdır. O vaxtı da “Qarabağ” komandası düzgün şəkildə dəyərləndirib kollektivi yenidən əvvəlki formasına qaytara biləcək”.

 

Kəmalə Vəliyeva