Qızıl yel xəstəliyi: əlamətləri və simptomları

Bölmə: Sosial › ,
Tarix: 22:13 14.03.2025

Qızıl yel xəstəliyi dərinin və yumşaq toxumaların infeksion, bakterial mənşəli xəstəliyidir. Burada əsasən streptokoklar törədici olur və adətən lokalizasiyası ətrafların dərisində daha çox rast gəlinir”.

 

Bu sözləri dermatoveneroloq Sevinc Kərimli “İnformator.az”a açıqlamasında deyib.

 

O qeyd edib ki, aşağı və yuxarı ətraflarda, bəzi hallarda qadınlarda süd vəzində, kişilərdə isə intim bölgədə rast gəlinir:

 

“80-90% hallarda aşağı ətraflarda müşahidə edirik. Əsasən ayaq barmaqlarının arasında müəyyən səbəblərdən göbələk, eqzema, mikroçatlar nəticəsində dərinin pozulduğu hallarda daha çox bu bölgədən yoluxa bilir. Streptokoklar limfa yolu ilə yayılaraq baldırın dərisini zədələyir”.

 

Müsahibimizin sözlərinə görə, xəstələr qızartılar yaranmadan öncə şikayətlənirlər:

 

“Ümumi halsızlıq, baş ağrısı, hərarətin yüksəlməsi, əzələ ağrıları kimi şikayətlərlə müraciət edirlər. Baldırın aşağı və orta hissəsində kəmərvari formada, geniş sahədə tünd-qırmızı yerli hipertermiya müşahidə olunur. Sağ və ya sol ətrafdadırsa, ona uyğun olaraq regionar limfa düyünləri böyümüş olur. Əsasən bud və qasıq limfa düyünləri ağrılı olur.

Bu qızartı, qızıl yel olan nahiyəyə toxunduqda yerli hipertermiya müşahidə olunur. Ona görə də belə bir hal olarsa, həkimə müraciət etmək lazımdır. Zamanında müalicə almadıqda bu xəstəlik xroniki hala keçir və zaman-zaman təkrarlana bilir”.

 

Nərmin Həşimova