Korreksiyaedici təlim-ŞƏRH

Bölmə: Sosial › ,
Tarix: 11:28 14.04.2025

Müasir dövrdə uşaqların psixoloji və davranış inkişafı sahəsində qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müxtəlif yanaşmalardan istifadə olunur. Bu istiqamətdə tətbiq edilən üsullardan biri də korreksiyaedici təlimlərdir. Belə təlimlər uşaqların fərdi xüsusiyyətlərinə uyğun şəkildə aparılaraq onların sosiallaşmasına, emosional tarazlığın bərpa olunmasına və öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir.

 

 

Mövzu ilə bağlı surdopedaqoq Gülanə Hüseynova "İnformator az"a açıqlamasında bildirib ki, korreksiyaedici təlim əqli, fiziki, psixoloji sferalarında düzgün inkişafı qeydə alınmayan uşaq və böyüklərə təhsil xidməti göstərən pəşə sahəsidir:

 

"On doqquzuncu əsrə qədər bu sahə psixologiya elminin tərkibində fəaliyyət göstərsə də sonradan araşdırmalar nəticəsində ayrıca bir elm sahəsi kimi qəbul olunub. Korreksiyaedici təlimin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim tərbiyəsi, təhsili, reabilitasiyası və inkişaf pozulmalarının profilaktikasıdır. Bu geniş bir elm sahəsi olaraq eşitmə, görmə məhdudiyyətli şəxsləri, intellektual çatışmamazlığı olan, nitqində problemi olan şəxsləri öyrənərək onların inkişafına töhfə verir. Əgər bir uşaqda qorxu, təcavüzə meyillilik, hiperaktivlik, yolverilməz davranışlar varsa, bu hallar korreksiya edilərək yeni bacarıqların inkişaf etdirilməsinə yönəldilir. Korreksiyaedici təlimdə müsbət nəticə əldə etmək üçün ilk öncə hər bir şəxsə individual yanaşmalıyıq. Onlarda özünüqiymətləndirməni formalaşdırmalıyıq. Ailədaxili münasibətləri nəzərə alaraq valideynlərlə birgə işi qayğı, sevgi ilə aparsaq daha tez və müsbət nəticə əldə etmiş oluruq. Ölkəmizdə "İnklüziv təhsil" layihəsinin günü gündən inkişafı çox təqdirə layiqdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlıq imkanı normal olan uşaqlarla bərabər təhsilalma şəraitinin yaradılması belə onların sosiallaşmasını sürətləndirir. Problem insan əlilliyində deyil, cəmiyyətin əlil insanları nəzərə almadan qurduğu maneələrdir. Şükürlər olsun ki, elə ölkədə yaşayırıq ki, cəmiyyətin baxış bucağı tamamilə dəyişib. Günbəgün inkişaf edən bu elm sahəsi gələcəyimizin daha sağlam və parlaq olacağından xəbər verir".

 

Fatimə Heydərova