Qərar vermə stressinin öhdəsindən necə gəlmək olar?

Tarix: 23:08 28.04.2025
Qərar vermə stressi — insanın bir seçim qarşısında qalanda hiss etdiyi narahatlıq, gərginlik və emosional təzyiq vəziyyətidir.
Mövzu ilə əlaqədar psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, insan özünü səhv etməkdən qoruduqca, qərar vermək prosesi daha da çətinləşir.
"Qərar vermə stresinin ən yayğın səbəbləri arasında seçim çoxluğu, yəni alternativlərin çox olması, yanlış qərar vermək qorxusu, nəticələrin məsuliyyətini daşımaqdan çəkinmək, mükəmməllik istəyi, başqalarının gözləntiləri və özgüvən çatışmazlığı yer alır. İnsan özünü səhv etməkdən qoruduqca, qərar vermək prosesi daha da çətinləşir.
Tərəddüdü azaltmaq üçün tətbiq edilə biləcək psixoloji yanaşmalar arasında bunlar xüsusilə faydalıdır. Kognitiv davranışçı yanaşma yəni, şəxsin qərar vermə ilə bağlı mənfi düşüncələrini aşkara çıxarıb onları daha real və funksional düşüncələrlə əvəz etməkdir. Məqsəd yönümlü düşünmə yəni, qərarın hansı məqsədə xidmət etdiyini və bu qərarın uzunmüddətli təsirini dəyərləndirməkdir. 10-10-10 metodu, bu qərarın 10 dəqiqə, 10 ay və 10 il sonra mənəvi və real təsirlərini təsəvvür etməkdir. Özünə şəfqət, yəni, hər insanın səhv edə biləcəyini qəbul etmək və özünü mühakimə etmədən yanaşmaq da qərar prosesini asanlaşdırır.
Qərar vermə stresinin uzunmüddətli təsirləri arasında xroniki stress, narahatlıq pozuntuları, özgüvən itkisi, peşmanlıq duyğusu və sosial geriçəkilmə müşahidə oluna bilər. Eyni zamanda, davamlı qərarsızlıq insanın həyat keyfiyyətini azaldır və karyera, münasibətlər kimi sahələrdə irəliləməsinin qarşısını ala bilər. Qərar vermə stresini azaltmaq üçün bu texnikalar effektivdir:
Mindfulness (anındalık) meditasiya: Fikri indiki zamana yönəldərək keçmiş peşmanlıqlardan və gələcək qorxularından uzaqlaşmaqdır.Dərin nəfəs texnikaları: Simpatik sinir sistemini sakitləşdirərək bədəni və beyni rahatlatmaqdır.
Proqressiv əzələ rahatlatması: Bədənin müxtəlif əzələ qruplarını sıxıb buraxaraq gərginliyi azaltmaqdır.
Vizualizasiya texnikası: Özünü qərarı vermiş və nəticələrindən razı bir vəziyyətdə təsəvvür etmək, beyində rahatlıq hissi yaradır".
Səmayə Səftərova