Darfurda artan ölüm halları Sudandakı dəhşətin həddi-hüdudu olmadığını göstərir-BMT

Tarix: 20:56 01.05.2025
Birləşmiş Millətlər Təşkilatı bildirir ki, Sudanın Şimali Darfur bölgəsində yarımhərbi Çevik Dəstək Qüvvələrinin (RSF) Əl-Faşer şəhəri uğrunda döyüşləri nəticəsində son üç həftədə 540-dan çox insan həyatını itirib.
BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk cümə axşamı verdiyi açıqlamada Sudandakı vətəndaş müharibəsinin dağıdıcı təsirlərinə toxunaraq bildirib: “Sudanda baş verən dəhşətin həddi-hüdudu yoxdur". Onun sözlərinə görə, təkcə son üç həftədə 542 nəfər ölüb. 2023-cü ilin aprelindən bəri davam edən müharibə, Sudan Silahlı Qüvvələri (SAF) ilə RSF arasında gedən qanlı qarşıdurmalar nəticəsində on minlərlə insanın ölümünə, 12 milyondan çoxunun isə evlərindən didərgin düşməsinə səbəb olub. Darfur regionu bu münaqişənin əsas döyüş meydanına çevrilib.
Son həftələrdə RSF Əl-Faşerə və ətrafdakı Zəmzəm və Əbu Şuk qaçqın düşərgələrinə hücumlar təşkil edib. Bu hücumlar nəticəsində yüz minlərlə insan səhradan keçərək Təvila şəhərinə köçmək məcburiyyətində qalıb. Eyni zamanda, Sudanın paytaxtı Xartumda yerləşən prezident sarayını da RSF atəşə tutub. Bu, bir həftə ərzində paytaxta edilən ikinci hücumdur. Türk qeyd edib ki, RSF-nin son hücumları nəticəsində Əl-Faşer və Əbu Şokda azı 40 mülki şəxs həyatını itirib. O, bölgədə yeni zorakılıq dalğasının ola biləcəyindən narahatlığını ifadə edib və mülki vətəndaşların qorunmasına çağırıb.
Türkün açıqlaması, RSF-nin Darfura giriş baxımından strateji əhəmiyyətə malik olan Qərbi Kordofandakı Əl-Nahud şəhərinə nəzarəti ələ keçirmək üzrə olduğu bir vaxtda verilib. Əl-Cəzirənin müxbiri Hiba Morgan bildirir ki, hər iki tərəf bu şəhəri münaqişədə üstünlük qazanmaq üçün həlledici məntəqə hesab edir. Onun sözlərinə görə, ordu Darfurdakı şəhərləri geri almaq istədiyi halda, RSF bu planlara qarşı çıxır və əl-Faşerə nəzarəti saxlamağa çalışır.
Mənbə; Al Jazeera
Qəmər Kazımzadə