Pika sindromu: səbəbləri və fəsadları nələrdir?

Bölmə: Sosial › ,
Tarix: 22:57 05.05.2025

"Pika sindromu" – qidalanmaya uyğun olmayan, yad maddələri yemək vərdişidir.

Yaranmasında psixoloji pozuntuların da rol oynadığı bu sindrom uzun müddət davam edərsə, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

 

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva "İnformator.az"a açıqlamasında bildirib ki, pika sindromu – insanın gündəlik qidasına uyğun gəlməyən maddələri yeməyə və qəbul etməyə vərdiş etməsi ilə xarakterizə olunan psixoloji pozuntudur:

 

“Buna palçıq, sabun, saqqız, gil, torpaq kimi bədənə zərərli maddələrin qəbul edilməsini misal göstərə bilərik.

Pika sindromunun yaranmasının bir neçə səbəbi var. Bu pozuntuya daha çox hamilə qadınlar, uşaqlar və zehni inkişafında problem olan şəxslərdə rast gəlinir.

Bundan əlavə, uşaq vaxtı ailədaxili problemlər, qidalanma pozuntuları, vitamin və mineral çatışmazlığı da pika sindromunun yaranmasına səbəb ola bilər.

Psixoloji faktorlar da bu sindromun yaranmasında mühüm rol oynayır. Depressiya, anksiyete, panik atak kimi hallar da buna səbəb ola bilər.

 

Pika sindromunun müalicəsi üçün ilk növbədə onun yaranma səbəbləri müəyyən edilməlidir. Daha sonra bu səbəblərə uyğun terapiya üsullarından istifadə olunmalıdır.

İlk olaraq əlləri məşğul etmək üçün müxtəlif fəaliyyətlər seçilməlidir. Çünki insan başqa işlə məşğul olduqda, əlləri quma, gilə və digər yad maddələrə yönəlməz.

 

Daha sonra düşüncə üzərində işləmək lazımdır. Əgər psixoloji olaraq dərin boşluqlar varsa, onlar mütləq şəkildə araşdırılmalı və müalicə olunmalıdır.

Əgər pika sindromu uşaqlarda müşahidə olunursa, valideynlər də terapiya prosesinə qoşulmalı, uşağa dəstək göstərməlidirlər.

 

Pika sindromunun qarşısı alınmasa, yad maddələrin orqanizmə daxil olması ciddi fəsadlara səbəb ola bilər. Bu, dişlərin zədələnməsi, ağızda yaraların yaranması, infeksiyaların və parazitlərin əmələ gəlməsi, mədə və bağırsaqlarda tıxanma, zəhərlənmə, eləcə də maddələr mübadiləsinin pozulması ilə nəticələnə bilər.

 

Pika sindromuna rast gəlinərsə, mütləq şəkildə bu sahədə təcrübəli mütəxəssislərə müraciət edilməli və vaxtında müalicəyə başlanmalıdır".

 

Fatimə Aslanova