Ərdoğandan Trampa sürpriz dəvət

Tarix: 22:39 05.05.2025
ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Telefon danışığında Ərdoğan ölkəsinin ABŞ-la birgə bir çox sahədə, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini deyib.
Bundan əlavə, Ərdoğan Trampın Ukraynada müharibəyə son qoymaqla bağlı mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini yüksək qiymətləndirdiyini vurğulayıb. Liderlər Qəzza və Suriya ilə bağlı da müzakirələr aparıblar.
Ərdoğan Trampı Türkiyəyə rəsmi səfərə dəvət edib.
Mövzu ilə bağlı siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin xarici siyasətində tamamilə yeni istiqamətlər görünməkdədir:
“Ümumiyyətlə, biz aydın müşahidə edirik ki, Tramp Baydendən ,ümumiyyətlə, demokratlardan tamam fərqli siyasi kurs götürüb. Düzdür, ABŞ əvvəlki administrasiyanın vaxtında üzərinə götürdüyü öhdəliklərdən Tramp sərt şəkildə imtina etmir ,deməli, kursu müəyyən mənada saxlayır. Amma biz görürük ki, ABŞ-nin xarici siyasətində tamam yeni vektorlar müşahidə olunmaqdadır. Məsələn, Trampın ilk olaraq Rusiya prezidenti ilə birbaşa təmaslar qurması, iki dəfə telefon danışığı həyata keçirməsi, ABŞ və Rusiya nümayəndələrinin görüşlərinin, müzakirələrinin keçirilməsi və Ukrayna ilə bağlı sərgilədiyi mövqe bir daha nümayiş etdirir ki, ABŞ-nin yeni prezidenti fərqli geosiyasi baxışlar sərgiləməkdədir. Hesab edirəm ki, ABŞ-Türkiyə münasibətlərində də bir fərqli mənzərə müşahidə oluna bilər. Ümumiyyətlə, Qərblə Türkiyə arasında münasibətlərdə müəyyən gərginliklər son illərdə yaşanmaqda idi. Məsələn, yaxşı xatırlayırıq ki, Türkiyə Rusiyadan S-400 komplekslərini aldıqdan sonra ABŞ ilə Türkiyə arasında münasibətlərdə ciddi bir gərginlik yaşanmaqda idi. Hətta F-35 qırıcı təyyarələri ilə bağlı layihə də dayandırıldı. Buna baxmayaraq, Türkiyə ABŞ-dən sonra NATO da ikinci ən güclü hərbi qüvvəyə malikdir və Amerika da Türkiyə kimi bir aliyans üzrə müttəfiqini, sözsüz ki, heç bir halda itirmək istəməz".
Politoloq NATO-nun hərbi bazasından da danışıb:
"Bundan başqa, NATO-nun incirlik hərbi bazası da həm aliyans üçün, həm də ABŞ üçün çox vacib əhəmiyyət kəsb edir. Suriyadakı proseslərdə Türkiyənin təsirli rolunu ABŞ prezidenti Donald Tramp etiraf etdi və Türkiyə prezidenti Ərdoğan haqqında da öz müsbət fikirlərini söylədi. Ümumiyyətlə, Tramp çox aydın dərk edir ki, Yaxın Şərqdə cərəyan edən proseslərdə Türkiyənin mövqeyi mütləq təsirlidir. Bu mənada Suriyada baş verənlər, Qəzza bölgəsində baş verənlərlə bağlı Türkiyənin mövqeyi ABŞ-yə çox yaxşı aydındır. ABŞ da Türkiyə ilə yeni bir dialoq imkanının olmasında maraqlıdır. Çünki Tramp, görünən odur ki, genişmiqyaslı müharibələrdən ölkəsini kənarda saxlamaq istəyir. Əsasən, iqtisadi xarakterli təmaslara üstünlük vermək niyyətindədir. Məsələn, İranla ABŞ arasında sadəcə üçüncü görüşün baş tutması və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də bunun təqdir olunması buna nümunədir. Eyni zamanda Ərdoğan Ukrayna münaqişəsinin dayandırılması istiqamətində Trampın cəhdlərini də yüksək qiymətləndirir və bu baxımdan hesab edirəm ki, münasibətlərdə yeni bir səhifə açıla bilər. Bu, bütövlükdə hər şeydən öncə Yaxın Şərq bölgəsində ciddiyyətləri yumşalda bilər, münaqişə vəziyyətini tam olmasa da qismən aradan qaldıra bilər. Çünki Suriyanın ərazisində də kifayət qədər ciddi qeyri-müəyyənlik mövcud olmaqdadır və İsrail və Türkiyə arasında münasibətlər hər zaman ciddi münaqişə vəziyyətini keçə bilər. Məsələn, Suriya ərazisində baş verənlərlə bağlı olaraq və yaxud da ki, Qəzzada mövcud reallıqlar Türkiyə tərəfindən birmənalı qarşılanmır. Bu da bölgədə yeni eskalasiyaya gətirib çıxara bilər. Bu baxımdan düşünürəm ki, ABŞ-Türkiyə təmaslarının artması bölgədə vəziyyəti stabilləşdirici amil rolunda çıxış edə bilər və sözsüz ki, bu digər coğrafiyalarda da öz təsirini göstərə bilər. Çünki Türkiyə də qlobal səviyyədə təsir imkanlarına malik olan bir ölkədir və hesab edirəm ki, Ərdoğanla Tramp arasındakı telefon danışığı bundan sonraki mərhələdə ABŞ-Türkiyə münasibətlərinin konstruktiv məcrada davam etməsi üçün bir zəmin yarada bilər”.
Lalə Qurbanlı