Ərdoğan: "Sülhü zəhərləmək istəyənlərə fürsət verilməməlidir"

Bölmə: Dünya › ,
Tarix: 21:12 01.05.2025

"Rusiya və Ukrayna arasında sülh prosesini zəhərləmək istəyənlərə heç bir fürsət verilmədən bu münaqişəyə son qoymaq üçün səmimi istək olmalıdır",- bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O, Ukrayna böhranının sülh yolu ilə həlli prosesində mümkün təxribatlar ola biləcəyi barədə xəbərdarlıq edərək bildirib:

"Biz zaman-zaman, hətta gərginlik anlarında belə, tərəfləri sülh danışıqları üçün masa arxasında bir araya gətirə bildik və belə məqamlar mümkün təxribatlar və müdaxilələr üçün açıqdır".

 

Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, cənab Ərdoğan tamamilə haqlıdır – Rusiya–Ukrayna müharibəsində səmimi sülh istəyi olmalıdır:

 

"Bəs bu səmimi istək, münaqişədə birbaşa və ya dolayı şəkildə iştirak edən tərəflərdə varmı?— Qətiyyən yoxdur. Əvvəldən ikili standartlarla hərəkət edən Qərb dünyasını müşahidə etdik. Ukrayna Prezidenti Zelenskini ön plana çıxarıb onu dəstəklədilər, lakin ardıcıl və dürüst mövqe ortaya qoymadılar. Bu gün də eyni siyasət davam edir. Əslində, cənab Ərdoğan məhz bu qeyri-səmimi münasibətə işarə edir. O, təcrübəli və uzaqgörən siyasətçidir, nə dediyini çox yaxşı bilir. Təxribatlarla bağlı da açıq şəkildə danışır. Bildirir ki, əgər Ukrayna sülh danışıqlarına oturmaq istəsə belə, bəzi qüvvələr buna imkan verməyəcək. Bu qüvvələr kimlərdir? Təbii ki, Avropanın aparıcı dövlətləri – Fransa, Almaniya və İngiltərə.

 

Amerika Birləşmiş Ştatları isə fərqli mövqe sərgiləyir. Xüsusilə Donald Trampın mümkün qayıdışı fonunda belə bir mesaj verilir: “Rusiya ilə birbaşa danışıqları biz aparacağıq və bu münaqişə sona çatmalıdır”.

Qardaş Türkiyə müharibənin ilk günündən etibarən əsas vasitəçi kimi ön plana çıxır və bu rola ən uyğun ölkə sayılır. Türkiyə NATO-da ordu sayına görə ikinci yerdədir və artıq qlobal miqyasda ciddi nüfuza malikdir. Bu baxımdan onunla hesablaşmaq zəruridir. Türkiyə münaqişədə neytral mövqe tutur və haqlının tərəfində yer alır. Eyni zamanda Rusiya ilə də strateji tərəfdaşdır. Elə bu səbəbdən də müharibənin tezliklə başa çatması Türkiyənin maraqlarına tam uyğundur. Prezident Ərdoğan da bunu dərk edir və savaşın bir an öncə sona yetməsini istəyir.

 

Bu gün bir çox dünya gücü münaqişənin başa çatmasında maraqlı görünmür, lakin artıq onların bu istiqamətdəki cəhdləri nəticəsiz qalır. Müharibənin sonuna yaxınlaşırıq – həm də şimal qonşumuzun üstünlüyü ilə. Burada təkcə Ukrayna deyil, Avropanın aparıcı dövlətləri də strateji və siyasi baxımdan uduzan tərəf olurlar. Bu isə əslində gözlənilən nəticə idi".

 

Siyasi şərhçi onu da vurğulayıb ki, Türkiyə Qərb və Rusiya arasında körpü rolunu oynayır:

 

"Türkiyə ciddi siyasi və hərbi gücdür. NATO daxilində ordusuna görə ikinci yerdədir. Türkiyənin obyektiv və balanslı siyasətinə ABŞ və Rusiya başda olmaqla bütün supergüclər inanır. Məhz buna görə də, Rusiya və Ukrayna arasında sülh danışıqları masası məhz Ankara və ya İstanbulda qurula bilər. Zaman daralır, gözləyək. Ancaq hər bir halda Türkiyə bu prosesdə, heç olmasa dolayı şəkildə, iştirak edən əsas aktorlardan biri olacaq".

 

Aytən Ağazadə