Cənubi Koreya Çexiya ilə 18,2 milyard dollarlıq nüvə sazişi imzalayıb

Bölmə: Dünya › ,
Tarix: 21:36 01.05.2025

 

Cənubi Koreyanın Korea Hydro & Nuclear Power Co. (KHNP) başçılıq etdiyi konsorsium, Çexiyada həyata keçiriləcək yeni nüvə enerjisi layihəsi üçün əsas podratçı seçilib. Çexiya hökuməti və Yonhap agentliyinin məlumatına görə, gələn çərşənbə günü KHNP ilə layihəyə nəzarət edən "Elektrarna Dukovany II" (EDU II) şirkəti arasında rəsmi müqavilə imzalanacaq.

 

Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi bu nailiyyəti alqışlayaraq, sazişi ölkənin enerji ixracı sahəsində əlamətdar sıçrayış kimi qiymətləndirib. Bu razılaşma 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərindəki Barakah Atom Elektrik Stansiyası layihəsindən sonra Cənubi Koreyanın əldə etdiyi ilk beynəlxalq nüvə müqaviləsidir.

 

Qeyd edək ki, Cənubi Koreya 2024-cü ilin iyul ayında Dukovani layihəsi üçün üstünlük verilən iddiaçı kimi seçilmişdi. Qələbə KHNP-nin ABŞ-ın Westinghouse Electric Co. şirkəti ilə reaktor texnologiyası üzrə hüquqi mübahisəni həll etməsindən və Fransa şirkəti EDF-nin təklifinin rədd edilməsindən sonra əldə olunub.

 

Razılaşma, süni intellektin sürətli inkişafı və geosiyasi qeyri-sabitlik fonunda qlobal enerji təhlükəsizliyi narahatlıqlarının artdığı bir dövrə təsadüf edir. Müqavilə Cənubi Koreyanın Avropa nüvə enerjisi bazarındakı mövqeyini daha da gücləndirəcək.

 

Layihə çərçivəsində Dukovani ərazisində KHNP Barakah zavodunda istifadə edilən APR-1400 reaktorunun lokallaşdırılmış versiyası olan APR-1000 reaktorlarını təmin edəcək. Bundan əlavə, Çexiya hökuməti Cənubi Koreyanın əsas namizədlərdən biri olduğu Temelin atom elektrik stansiyasında daha iki reaktorun inşasını da nəzərdən keçirir.

 

ANEWZ

Güllər Gülhüseynova