İsrail Suriyaya zərbə hazırlığına göstəriş verib

Bölmə: Dünya › ,
Tarix: 21:38 01.05.2025

İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir hərbçilərə Suriyanın yeni hakimiyyət orqanlarına məxsus hədəflərə zərbələr endirməyə hazırlaşmağı əmr edib.

 

Məsələ ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail tərəfinin əsas məqsədi Suriyanın cənubunu götürməkdən ibarətdir:

 

“Bəşər Əsəd rejimi devrildikdən sonra Suriya daxilində olan müxtəlif etnik uzlaşmalar arasında mübarizə davam edir. İsrail regionda vəziyyəti necə dəyişə bilər? Düşünürəm ki, vəziyyət dəyişilib. Etnik qruplar arasında mübarizə daha da genişlənə bilər. İndiki məqamda Suriya hökuməti o qədər də güclü deyil. Əsas dəstəyi Türkiyədən gözləyirlər. Beynəlxalq hüququn işləmə mexanizmində problemlər mövcuddur.

 

Suriya strateji bir məkandır. Enerji təhlükəsizliyini təmin etmək üçün sülh və təhlükəsizliyi qorumaq lazımdır. Bu regionda Bəşər Əsədin dövründə olduqca gərgin vəziyyət idi. İndi isə yeni hökumətə dəstək lazımdır. BMT-nin işləmə mexanizmi hazırda işə yaramır. Ona görə də güc faktoru önə çıxır. Bildiyimiz kimi Yaxın Şərqdə Rusiya-Ukrayna, Hindistan-Pakistan münaqişələri davam edir".

 

 

Müsahibimizin sözlərinə görə, İsrail liderləri uzun müddətdir ki, Suriyadakı həssas azlıqların, o cümlədən həm druz, həm də kürd əhalisinin qorunmasının vacibliyini bəyan ediblər:

 

 

"Bu proqram İsrailin hətta mübahisəli suverenlik altında olan ərazilərdə belə bu qruplarla konstruktiv əlaqədə olmağa hazır olduğu mesajını verir. Bu cür hərəkətlər İsrailin azlıqların müdafiəçisi kimi beynəlxalq imicini gücləndirə bilər. Bu da daha geniş diplomatik danışıqlarda faydalı ola bilər. Suriya hökumətinə cənub-qərbdəki druz əhalisinə zərər verməmək barədə dəfələrlə xəbərdarlıq edilib. Sərhəd boyunca iqtisadi imkanları genişləndirməklə, İsrail öz azlıq icmalarının təhlükəsizliyini və iqtisadi rifahını təmin etmək üçün Dəməşqə əlavə təzyiq göstərə bilər. Bununla belə, bu təşəbbüs həm də Suriya səlahiyyətliləri tərəfindən Suriyanın daxili işlərinə yersiz müdaxilə kimi təsvir oluna bilər. Bu, potensial olaraq millətçi və ya anti-İsrail ritorikasını gücləndirə bilər".

 

Çimnaz Telmanqızı