Nüvə silahına ehtiyac olmaz-Putin

Tarix: 20:37 05.05.2025
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynadakı hərbi əməliyyatları nüvə silahı tətbiq etmədən uğurla başa çatdırmaq üçün kifayət qədər qüvvə və resurslara malikdir. O qeyd edib ki, Rusiya təxribatlara cavab verməyib və səhv etməsini gözləyənlərə qarşı ehtiyatla hərəkət edib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişə rəsmi olaraq davam edir:
"Dünya nə qədər Ukraynaya dəstək versə də, münaqişə rəsmi olaraq iki ölkə arasında gedir. Qeyri-rəsmi könüllü dəstələr mövcuddur. Lakin əsas döyüşən tərəf Ukraynanın rəsmi ordusudur. Ukrayna iddia edə bilər ki, onlara qarşı koreyalılar və ya çinlilər vuruşur – bu müəyyən mənada doğrudur, çünki həmin dəstələr Rusiya ordusunun tərkibində yer alır. Amma unutmayaq ki, iki ölkə müharibə edirsə, bu dəyişməz faktdır və hər iki tərəfə başqa ölkələrdən dəstək göstərilə bilər. Rəsmi müharibə hal-hazırda Rusiya ilə Ukrayna arasında gedir. Dünyanın ikinci ən böyük ordusuna malik olan Rusiya, nisbətən zəif Ukrayna ilə müharibədədir. Belə bir ölkə Ukrayna ilə bacarmadığına görə nüvə silahı tətbiq edəcəkmi? Onsuz da Ukrayna bu müharibədə çox böyük zərər görüb".
O həmçinin açıqlamasında bildirib ki, heç kim düşünə bilməzdi ki, Ukrayna Rusiya bataqlığı bu qədər dərinliyə gedəcək:
"İkinci Dünya Müharibəsi belə bir təsəvvür yaradıb ki, Rusiya müharibəyə qoşulursa, o müharibə maksimum üç gün davam edər. Lakin Ukrayna müharibəsi göstərdi ki, kiçik bir bölgə olan Donbas uğrunda belə, üç il davam edən müharibədə Rusiya hələ də tam nəticə əldə edə bilməyib. Yenə də Rusiya münaqişədə üstün tərəf kimi görünür. Putinin nüvə məsələsini dilə gətirməsi bir növ xəbərdarlıq xarakteri daşıyır. O, əsasən Qərbə – xüsusən də Amerika və Avropaya mesaj verir ki, Ukraynaya həddindən artıq dəstək göstərməyin. Yəni Rusiya görsə ki, qarşısı alınmır, atom bombası tətbiq edə bilər. Bununla da o, sual edir: “Atom müharibəsinə hazırsınızmı?” Təbii ki, Qərb nəinki atom, ümumiyyətlə, müharibə aparmağa hazır deyil və bunu istəmir. Bu, Putinin Ukraynaya deyil, Qərbə etdiyi bir xəbərdarlıqdır. O, demək istəyir ki, dəstəyinizi dayandırın və müharibəni bitirək".
Ayşən Səlimova