İzolyasiya və qapalı məkanların zehni sağlamlığa təsiri

Tarix: 20:56 05.05.2025
İzolyasiya və uzun müddət qapalı məkanlarda qalmaq insanın zehni sağlamlığına mənfi təsir göstərir. Bu hal stres, depressiya, narahatlıq və yuxu pozuntularına səbəb ola bilər. Sosial təcrid insanın emosional ehtiyaclarını qarşılamadığı üçün psixoloji gərginlik artır.
Bu haqda psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, davamlı təcrid insanda boşluq, mənasızlıq, kədər və ümidsizlik hisslərini gücləndirə, həmçinin depressiya və təşviş pozuntularına səbəb ola bilər.
"Uzunmüddətli sosial təcrid insanın emosional durumuna ciddi şəkildə mənfi təsir göstərir. İnsan sosial varlıqdır və başqaları ilə əlaqədə olmaq onun psixoloji ehtiyaclarındandır. Davamlı təcrid insanda boşluq, mənasızlıq, kədər və ümidsizlik hisslərini gücləndirə, həmçinin depressiya və təşviş pozuntularına səbəb ola bilər. Sosial əlaqələrin olmaması insanın emosional dayanıqlığını zəiflədir və psixoloji rifahını pozur.
Qapalı məkanda uzun müddət qalmaq təbii işıqdan və sosial təmasdan uzaq qalmaq deməkdir ki, bu da beyində əhval-ruhiyyəni tənzimləyən kimyəvi maddələrin azalmasına səbəb ola bilər. Bu hallar yuxu pozuntuları, enerjisizlik, narahatlıq hissi və diqqət dağınıqlığı kimi simptomlarla müşayiət olunan depressiya və təşviş pozuntularının inkişafına zəmin yaradır. Hərəkətsizlik və monoton gündəlik rejim psixoloji gərginliyi daha da artırır.
Belə vəziyyətdə gündəlik rejimin qorunması, fiziki aktivlik, maraq doğuran fəaliyyətlərə yer verilməsi və sosial əlaqələrin, virtual da olsa, davam etdirilməsi tövsiyə olunur. Özünüifadə vasitələri, məsələn, yazmaq, rəsm çəkmək və ya musiqiyə qulaq asmaq da rahatlamağa kömək edə bilər. Dərin nəfəs məşqləri, meditasiya və pozitiv düşüncə texnikaları emosional sabitliyi qorumağa kömək edir. Çətinlik davam edərsə, psixoloji dəstək almaq vacibdir. Bu stressi azaltmaq üçün iş günü ərzində qısa fasilələr vermək, hərəkətdə olmaq, təmiz havada vaxt keçirmək, eyni zamanda iş mühitini estetik və funksional şəkildə təşkil etmək önəmlidir. İş və şəxsi həyat balansını qorumaq, “hər an işləməliyəm” təzyiqindən uzaqlaşmaq, günə məqsədlə başlamaq və günü dəyərləndirməklə başa vurmaq psixoloji rahatlıq verir. Ayrıca, iş masasının gün işığı görməsi və təbii elementlərlə zənginləşdirilməsi bitkilər, açıq rənglər də stressi azalda bilər.
Tənhalıq subyektiv bir hissdir, insan özü üçün kifayət qədərsosial əlaqəyə malik olmadığını düşündükdə yaranır. İzolyasiya isə obyektiv vəziyyətdir, insan faktiki olaraq başqalarından fiziki və ya sosial olaraq ayrı düşüb. Tənhalıq istənilən vaxt, istənilən şəraitdə baş verə bilər, izolyasiya isə əsasən xarici amillərlə bağlı olur. Psixoloji baxımdan hər iki hal zərərlidir, lakin tənhalıq daha dərindən hiss olunur və uzunmüddətli davam etdikdə depressiv pozuntuların yaranma riskini daha da artırır".
Səmayə Səftərova