Hindistan Pakistana suyun buraxılışını dayandırıb

Tarix: 21:09 05.05.2025
Hindistan Pakistanla sərhəddə Çenab çayı üzərindəki Baqlihar bəndi vasitəsilə suyun buraxılışını müvəqqəti dayandırıb.
Mövzu ilə əlaqədar politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, ilk olaraq onu qeyd etmək lazımdır ki, Çenab çayı Pakistanın kənd təsərrüfatı və enerji istehsalı baxımından mühüm əhəmiyyət kəsb etdiyi üçün xüsusi önəmə malikdir:
“Ümumiyyətlə, bu çayın suyu olmadan Pəncab bölgəsinin əkinçilik sahələrinə və su elektrik stansiyalarına ciddi ziyan dəyə bilər. Ona görə də, bu məsələ iki ölkə arasında yeni bir münaqişənin başlanğıcı ola bilər. Hətta Hindistan ilə Pakistan arasında müstəqilliyin ilk illərində oxşar münaqişələr baş verdiyi üçün İndus Sular müqaviləsi imzalanıb. Bu müqavilə regiondakı su məsələsi ilə bağlı əsas hüquqi sənədlərdən biri hesab olunur və iki dövlət arasındakı bütün gərginliklərə baxmayaraq hələ də qüvvədədir. Ancaq son baş verən hadisə bir daha göstərdi ki, iki dövlət arasındakı gərginlik su məsələsindən də təsirsiz keçə bilməz və bu da özlüyündə regionda yeni su münaqişəsinin başlamasına səbəb ola bilər. Nəticə etibarilə, iqlim dəyişikliyi və su ehtiyatları uğrunda qlobal rəqabətliliyin yüksək həddə olduğu bir məqamda Hindistan kimi münaqişə tərəfinin su məsələsini təzyiq vasitəsi olaraq istifadə edərək gərginliyi strateji və diplomatik qarşıdurma həddinə çatdırması ümumilikdə su problemi ilə bağlı bütün ziddiyyətli maraqları yenidən gündəmə gətirə bilər”.
Asiman Vəliyeva