ABŞ-dən Rusiyaya sanksiya

Bölmə: Siyasət › ,
Tarix: 21:11 05.05.2025

Birləşmiş Ştatlar Ukraynaya qarşı müharibənin başa çatması üçün danışıqlar zamanı Rusiyaya təzyiqi artırmaq məqsədilə yeni anti-Rusiya sanksiyalar paketi hazırlayıb.

 

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Amerikanın konkret bir planı var:

 

“Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiya, təbii ki, Rusiyanı mövcud şərtlərdə Ukrayna ilə razılaşmaya məcbur etməkdir. Amerikanın konkret bir planı var. Öz rəsmi açıqlamalarında da görünür ki, Rusiyanın istəklərinin müəyyən hissəsi nəzərə alınır. Rusiyanın Ukraynada zəbt etdiyi ərazilər üzərində nəzarəti de-fakto tanınır. Amma görünür ki, Rusiya daha çox ərazi istəyir.

 

Hətta məlumatlar var idi ki, Xarkovu da bütövlükdə istəyir. Dnepr çayının şərq hissəsində böyük əraziləri tutmaq niyyətindədir. Amma Amerikanın planı bu şəkildə deyil. Amerika müəyyən ərazilərin mübadiləsindən bəhs edir. Yəni görünür ki, Krımın Rusiyaya qalması müqabilində və ya Rusiyanın hazırkı cəbhə xəttindən müəyyən qədər geri çəkilməsi halında bəzi ərazilərin Ukraynaya verilməsi nəzərdə tutulur.

 

Bununla yanaşı, Rusiya və Amerika arasındakı danışıqlarda məsələ təkcə Ukrayna ilə yekunlaşmır. Amerika Rusiya ilə anlaşaraq geosiyasi müstəvidə yeni planlarını həyata keçirmək niyyətindədir. Burada həm Yaxın Şərq məsələsi önə çıxır – təbii ki, Rusiyanın hazırda Yaxın Şərqdə təsir imkanları zəifləyib. Böyük ehtimalla, Yaxın Şərqlə yanaşı, Amerika daha çox Çinə qarşı mübarizəsində də Rusiyanın dəstəyini əldə etməyə və ya Rusiyanı müəyyən güzəştlərə getməyə razı salmağa çalışır. O cümlədən, İran məsələsində də Rusiyadan müəyyən istəkləri ola bilər.

 

Yəni gündəm genişdir. Sadəcə daha çox Ukrayna üzərindən fokuslanıb. Amerikanın Çin, İran və dünyanın digər bölgələrindəki planlarını həyata keçirmək üçün Rusiya ilə anlaşmaya ehtiyacı var. Bu anlaşma isə məhz Ukraynadakı müharibədən keçir. Tramp Administrasiyasının verdiyi açıqlamalara rəğmən, bu məsələni həll etmək göründüyü qədər asan deyil. Çünki tərəflərin konkret tələbləri var. Müharibənin dayandırılması ilə bağlı gündəmləri tamamilə fərqlidir.

 

Ona görə Tramp Administrasiyası zaman-zaman növbəli şəkildə tərəflərə təzyiq göstərir. Ukraynaya əsas təzyiqin məqsədi resurs anlaşmasının əldə edilməsi idi ki, bununla bağlı razılıq əldə olundu. Amma bu o demək deyil ki, Amerika Ukraynanın bütün istəklərini qəbul edəcək. Görünür ki, bu anlaşmanın müqabilində Ukraynaya, eyni zamanda Rusiyanın müəyyən güzəştlər edəcəyi də vəd edilir.

 

Digər tərəfdən, Ukraynanın da anlaşma imzalaması üçün müəyyən mövqeyinin nəzərə alınması vacibdir. İndiyə qədər daha çox Ukraynaya təzyiq siyasəti müşahidə olunurdu. Amma indi görünür ki, eyni sanksiyalarla Rusiyaya təzyiq etmə niyyətindədirlər. Rusiyanın yeganə nəticə əldə edə biləcəyi variant Tramp Administrasiyası ilə apardığı danışıqlar ola bilər. Çünki üç il ərzində davam edən müharibədə yalnız indiki şərtlər çərçivəsində Rusiya müharibəni müəyyən qazanc ilə bitirə bilər.

 

Əgər anlaşa bilməsə, bu həm müharibənin uzanmasına gətirib çıxara bilər, həm də Rusiyaya qarşı sanksiyaların tətbiqi, beynəlxalq təzyiqlərin davam etməsi və oxşar problemləri ortaya çıxarar. Hesab edirəm ki, Rusiya sərt ritorikadan istifadə etməyəcək. Daha çox diplomatik manevrlərlə danışıqları davam etdirəcək və Tramp Administrasiyası ilə müəyyən razılaşmalar əldə etməyə çalışacaq".

 

Politoloqun sözlərinə görə, Amerika Rusiya–Ukrayna müharibəsinə birbaşa təsir edə bilmir:

 

“Amma hesab etmirəm ki, bu sanksiyalar Rusiya–Ukrayna müharibəsinin başa çatmasına gətirib çıxaracaq. Proseslər göstərir ki, masa üzərində aparılan müzakirələr və əldə olunan razılaşmaların praktikada həyata keçirilməsi çətindir. Praktiki baxımdan bu anlaşmalar və müzakirələr adekvat nəticə vermir. Amerika Rusiya–Ukrayna müharibəsinə birbaşa təsir göstərə bilmir.

Hətta masada razılıq olsa belə, cəbhədə toqquşmalar davam edir. Buna görə də sanksiyalar tətbiq olunsa belə, bu, nə Rusiyanın geri çəkilməsi, nə də müharibənin başa çatması ilə nəticələnəcək. Bu, daha çox hazırkı şəraitdə Rusiyanı razı salmaq məqsədi daşıyır.

 

Amma düşünürəm ki, danışıqlar prosesi yenə də müəyyən qədər uzanacaq. Çünki Rusiya maksimum dərəcədə nəticə ilə masadan qalxmaq istəyir. Amerika ilə anlaşmaqla Rusiya təkcə Ukrayna deyil, həm də dünyanın digər bölgələrində müəyyən razılaşmalar əldə etməyə çalışacaq və bununla Ukrayna cəbhəsində mövqelərini nəzarətə almağa can atacaq.

 

Amma bu da, dediyim kimi, danışıqlar prosesindən asılıdır. Gələcək dövrdə bu cür danışıqlar və Amerikanın tərəfləri razı salmağa yönəlmiş addımları davam edəcək. Bununla paralel olaraq, praktiki müstəvidə müharibə də – miqyasından asılı olmayaraq – davam edəcək".

 

Səyyarə Mirzəyeva