2024-cü il Rusiya üçün müharibədə ən ağır itkilərlə yadda qalıb

Bölmə: Siyasət › ,
Tarix: 21:14 05.05.2025

Ukraynada genişmiqyaslı müharibənin başlanmasından bəri ötən il Rusiya Silahlı Qüvvələri üçün ən ağır itkilərin qeydə alındığı dövr olub: ən azı 45.287 nəfər həyatını itirib.

 

Bu göstərici işğalın ilk ili ilə müqayisədə üç dəfə, 2023-cü illə müqayisədə isə əhəmiyyətli dərəcədə çoxdur. Halbuki həmin il müharibənin ən uzun və qanlı döyüşü - Baxmut uğrunda savaş baş vermişdi.

 

Müharibənin əvvəlində itkilər əsasən əsas məntəqələr uğrunda döyüşlərdə dalğavari şəkildə qeydə alınırdısa, 2024-cü ildə bu say aybaay artıb. Ön cəbhənin tədricən irəliləməsi nəticəsində hər 1 kvadrat kilometr üçün orta hesabla 27 rus hərbçinin həlak olduğu ehtimal edilir.

 

BBC-nin Rus xidməti, müstəqil “Mediazona” nəşri və könüllülər qrupu açıq mənbələr – qəbiristanlıqlar, hərbi memoriallar və nekroloqlar üzərində araşdırma aparıb.Bu günə qədər Ukraynadakı müharibədə həlak olmuş 106.745 rus əsgərinin adı müəyyən edilib. Lakin ekspertlər bildirirlər ki, bu real rəqəmin yalnız 45–65%-ni əhatə edir. Bu isə o deməkdir ki, ümumi itki sayı 164.223 ilə 237.211 nəfər arasında ola bilər.

 

2024-cü il fevralın 20-si Rusiya ordusu üçün ən çox itki verilən gün kimi yadda qalıb.

 

Həmin gün Donetskin işğal altındakı Volnovaxa şəhəri yaxınlığında yerləşən təlim meydanına Ukraynanın uzaqmənzilli HIMARS raketləri ilə endirilən zərbələr nəticəsində 65 hərbçi, o cümlədən 36-cı motoatıcı briqadanın komandiri polkovnik Musaev həlak olub, onlarla hərbçi yaralanıb.

 

Həlak olanlar arasında 22 yaşlı Buryatiyadan olan Aldar Bairov da var idi. O, əvvəlcə qida gigiyenası üzrə mütəxəssis kimi təhsil alsa da, çağırışla orduya aparılmış, daha sonra isə müqaviləli hərbçi kimi xidmətə başlamışdı. 2022-ci ilin fevralında Ukraynaya göndərilən Bairov, Kiyev istiqamətində hücum zamanı demək olar ki, tamamilə dağıdılmış Borodyanka şəhərində döyüşmüşdü. Ukrayna mənbələri həmin bölgədə dinc sakinlərin qətlində rus əsgərlərinin iştirak etdiyini bildirir.

 

31 yaşlı, Sibirin Çita şəhərindən olan Okhunjon Rustamov isə qaynaqçı kimi işləyib, 2022-ci ilin oktyabrında qismən səfərbərlik zamanı orduya çağırılıb.

 

Digər həlak olmuş hərbçi, 32 yaşlı İqor Babıç isə könüllü olaraq döyüşə yollanmışdı. O, 2023-cü ilin aprel ayına qədər uşaq və böyüklərdə ifliclə bağlı fiziki terapiya üzrə çalışmışdı.

 

Təlim meydanına zərbədən bir neçə saat sonra Rusiya müdafiə naziri Sergey Şoyqu Vladimir Putinlə görüşərək cəbhədəki "uğurlar" barədə məlumat verib. Lakin bu hücumla bağlı rəsmi açıqlama verilməyib.Okhunjon Rustamovun qohumu bildirib ki, müharibə dövründə üç yaxınını torpağa tapşırıb: “2022-ci ilin dekabrında ərim öldü. 2024-cü ilin 10 fevralında xalam oğlu. 20 fevralda isə ögey qardaşım. Bir yasdan o birinə".

 

Analizlər zamanı yalnız ölüm tarixi dəqiq olan əsgərlər hesablamaya daxil edilib. Tarix məlum olmadıqda dəfn və ya ölüm xəbərinin yayıldığı tarix əsas götürülüb.

 

2022 və 2023-cü illərdə rus itkiləri əsasən intensiv döyüşlər və nisbi sakit dövrlərlə müşahidə olunub. 2023-cü ildə, xüsusilə yanvar–mart aylarında rus ordusunun Vuhledar və Baxmut şəhərlərini ələ keçirməyə cəhd etdiyi dövrdə itkilər zirvəyə çatmışdı.

 

İlk işğal ilində Rusiya ən azı 17.890 hərbçi itirib. Bu rəqəmə Donetsk və Luqanskda yerləşən qondarma qüvvələrin itkiləri daxil deyil.

 

2023-cü ildə itki sayı 37.633 nəfərə yüksəlib.2024-cü ildə isə cəbhədə heç bir zaman ciddi azalma müşahidə olunmayıb. Avdiyivka və Robotineni ələ keçirmək cəhdlərini Pokrovsk və Toretsk istiqamətində hücumlar izləyib.

 

2024-cü ilin avqustunda Ukrayna qüvvələrinin Kursk vilayətinə keçid hücumu nəticəsində rus əsgərləri həlak olub. Yalnız 6–13 avqust tarixlərində 1.226 rus hərbçisinin öldüyü ehtimal olunur.

 

ABŞ-ın hərbi eksperti Maykl Kofmanın sözlərinə görə, sentyabr–noyabr aylarında Rusiya şərqdəki mövqelərini irəlilədib. Bu dövrdə taktiki baxımdan kiçik, pərakəndə hücum qruplarından istifadə olunub ki, bu da torpaq qazancına nisbətən daha çox insan itkisinə səbəb olub.2024-cü il oktyabrın 1-də Rusiya qüvvələri Donetskdə yerləşən Vuhledarı nəzarətə götürə bilib.

 

Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesablamalarına görə, Rusiya sentyabrdan noyabra qədər 2.356 kvadrat kilometr Ukrayna ərazisini ələ keçirib. Həmin dövrdə rus hərbçilərindən ən azı 11.678-i həyatını itirib.

 

Ümumilikdə 2024-cü ildə Rusiya 4.168 kvadrat kilometr ərazi ələ keçirib. Əgər 45.287 nəfərlik təsdiqlənmiş itkilər ümumi rəqəmin 40%-ni təşkil edirsə, o zaman real ölüm sayı 112.000-ə yaxın ola bilər. Bu isə hər kvadrat kilometr üçün təxminən 27 hərbçinin ölümü deməkdir. Bu rəqəmə yaralananlar daxil deyil.

 

İtkilər orduya yeni cəlbedilmələrə necə təsir edir?

 

Rusiya itkiləri kompensasiya etmək üçün yeni yollar tapıb.Hərbi ekspert Maykl Kofmanın sözlərinə görə, 2024-cü ilin ikinci yarısında Rusiyada orduya çağırış intensivləşib və itkiləri üstələyib. Bu isə Moskvaya yeni hərbi birləşmələr yaratmağa imkan verib.Üç bölgədə müqaviləli xidmətə qoşulanlara verilən birdəfəlik ödənişlər artırılıb. Könüllü döyüşçülərin maaşları ölkə üzrə orta əməkhaqqıdan beş–yeddi dəfə yüksəkdir.

 

2024-cü ildən etibarən cinayət məsuliyyətindən yayınmaq üçün orduya qoşulmaq qanuni hala gəlib və bu şəxslər də “könüllü” kateqoriyasına daxildir.

 

Son iki ildə könüllülər ən çox itki verilən qrup olub. 2023–2024-cü illərdə müqavilə imzalayan minlərlə könüllü yalnız 10–14 günlük hazırlıqdan sonra cəbhəyə göndərilib ki, bu da onların sağ qalma ehtimalını əhəmiyyətli dərəcədə azaldıb.

 

Rusiya ərazisində ən çox itki Başqırdıstanda qeydə alınıb – 4.836 nəfər. Onların əksəriyyəti kənd yerlərindəndir və 38%-nin hərbi təcrübəsi olmayıb.Ufa şəhərində müqavilə imzalayanlara verilən birdəfəlik ödəniş bölgənin orta maaşını (67.575 rubl – təxminən 600 funt sterlinq) 34 dəfə üstələyir.Açıq mənbələr üzrə ölü sayını dəqiq hesablamaq mümkün deyil. Çünki son aylarda həlak olanların bəzilərinin meyitləri döyüş meydanında qalıb və onları çıxarmaq digər əsgərlər üçün risklidir.Əgər Donetsk və Luqansk qondarma respublikaları adından döyüşən qüvvələr də nəzərə alınsa, müharibədə ümumi itki sayı 185.000–260.700 nəfər arasında dəyişə bilər.

 

Mənbə: BBC NEWS
Tərcümə etdi: Türkan Kərimli