İran, husilərin hücumlarının əlaqələndirilməsini rədd edib

Tarix: 21:22 05.05.2025
İran, husilərin İsrailə qarşı həyata keçirdiyi hücumların Tehran hakimiyyəti ilə əlaqələndirilməsini rədd etdiyini bəyan edib. İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yaydığı açıqlamada bildirib: “Husilərin cəsarətli hərəkətləri Fələstin xalqına dəstək və özünümüdafiə məqsədi daşıyan, humanist və İslami həmrəylik duyğusundan irəli gələn müstəqil bir qərardır".
İran XİN-in yazılı bəyanatında Yəməndəki husilərin İsrailə qarşı hücumlarının Tehranla əlaqələndirilməsinin qəbulolunmaz olduğu qeyd olunub.
Sözügedən açıqlamada belə əsassız ittihamların bölgədə əlavə qeyri-sabitlik yaratmaq və diqqəti Qəzzadakı soyqırımdan yayındırmaq məqsədi daşıdığı vurğulanıb. Husilərin bu addımlarının isə Fələstin xalqına dəstək niyyəti ilə və özlərini qorumaq məqsədilə atıldığı bildirilib.
Açıqlamada həmçinin ABŞ-nin İsrailin Qəzzadakı soyqırımına dəstək vermək üçün Yəməndə infrastruktur və mülki hədəflərə hücum etdiyi, bu hücumların isə müharibə cinayəti olduğu qeyd olunub: “İran ABŞ-nin Yəmənə qarşı həyata keçirdiyi hərbi hücumları BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas qaydalarının açıq şəkildə pozulması kimi qınayır. Bu hücumların davam etməsi Qərbi Asiya və Qırmızı dəniz bölgəsinin təhlükəsizliyi və sabitliyi üçün ciddi nəticələr doğura bilər".
Açıqlamada ABŞ və İsrailin İrana qarşı hərbi hücum təhdidlərinə də toxunularaq, bu hücumlara qəti şəkildə cavab veriləcəyi bildirilib.
Qeyd edək ki, Fələstinlilərə dəstək məqsədilə İsrailə və Qırmızı dənizdə İsrailə bağlı gəmilərə hücumlar təşkil edən husilər dünən Tel-Əvivdə yerləşən Ben Qurion hava limanını ballistik raketlə vurublar.
A Haber
Günel Verdiyeva