Ermənistan yenidən qaynar qazana çevrilir

Tarix: 21:28 05.05.2025
Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə Estoniyaya səfəri çərçivəsində verdiyi açıqlamalarda bir daha “sülhə sadiqlik” mesajları verib. Paşinyan bir tərəfdən beynəlxalq arenada barışçıl ritorika nümayiş etdirir, digər tərəfdən isə ölkə daxilində revanşist qüvvələrin təsiri altında ziddiyyətli addımlar atmaqda davam edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib ki, Ermənistanın bu revanşist siyasətini biz də pisləyirik:
"Bəli, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsini bağlamağa hazır olduğunu müqaviləsinin mətni razılaşdırıldıqdan sonra - martın 13-də bildirib və bu haqda bir neçə yerdə, o cümlədən, Estoniyada olanda məlumat verib. Eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğvi məsələsini də sülh müqaviləsi ilə birlikdə imzalayacaqlarını bildirib. Amma Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Artıq Koçaryan və komandası Moskvada görüş keçirib. Paşinyana qarşı olan qüvvələr fəallaşıblar və gələn il parlament seçkilərinə ciddi hazırlaşırlar. Hər yerdə Paşinyanın siyasətini tənqid edirlər, guya Paşinyanın Azərbaycan və Türkiyənin istədiklərini yerinə yetirdiyini bildirirlər. Hesab edirəm ki, Paşinyanın “Real Ermənistan”ı saxlamaq, inkişaf etdirmək üçün gördüyü addımlar Erməni xalqı tərəfindən dəstəklənir. Düşünürəm ki, gələn il keçiriləcək seçkilərdə də Erməni xalqı bu günkü reallığa səs verəcəklər və Paşinyan qalib gələcək. Alem Simonyan Koçaryanın Rusiyanın casusu olduğunu bəyan edib".
Siyasi şərhçi Ermənistanın sülh gündəliyindən də danışıb:
"Ermənistanın sülh istədiyi iddia olunur. Amma Ermənistan sülhün əksi olaraq Fransanın dəstəyi ilə silahlanır, Hindistandan silah alması ilə də bağlı məlumat verilir. Ermənistanın bu revanşist siyasətini biz də pisləyirik. Çox güman ki, yaxın gələcəkdə Ermənistanda vəziyyət daha da gərginləşəcək. Çünki bu gün Rusiya həmin qüvvələrin arxasında dayanır. Azərbaycanla sərhəddə vəziyyət gərginləşə bilər. Ermənistan yenə də qaynar qazana dönəcək və ölkə daxilində gərgin proseslər baş verəcək".
Günel Verdiyeva