Azərbaycan və Belarus arasında strateji danışıqların yeni mərhələsi

Bölmə: Siyasət › ,
Tarix: 21:30 05.05.2025

Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yollanıb.

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüş və Baş nazir Əli Əsədovla təkbətək və geniş tərkibdə danışıqların keçirilməsi planlaşdırılır.

 

Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan ilə Belarus arasında olduqca yaxın və səmimi münasibətlər mövcuddur:

 

"Hər ötən il bu əlaqələrin daha da inkişaf etməsi ilə yadda qalır. İki ölkənin liderləri mütəmadi olaraq görüşlər keçirir, siyasi dairələri təmsil edən yüksək vəzifəli şəxslər isə qarşılıqlı səfərlər edirlər. Belarus Baş nazirinin Azərbaycana səfəri də bu çərçivədə qiymətləndirilir.

Azərbaycan və Belarus arasında siyasi, strateji, ticari və iqtisadi sahələrdə fəal əməkdaşlıq mövcuddur. Belarus, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu mövqeyini daim açıq şəkildə ifadə edən ölkələrdəndir. Prezident Aleksandr Lukaşenko dəfələrlə Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı Ermənistana etirazlarını bildirib. Onun bu mövzuda verdiyi açıq bəyanatlar Belarus-Ermənistan münasibətlərində gərginlik yaradıb. Bu, Belarusun Azərbaycanla bağlı məsələlərdə ədalətli və prinsipial mövqe tutduğunu göstərir".

 

Politoloq əlavə edib ki, Belarus Azərbaycanın sadiq dostu və etibarlı tərəfdaşıdır:

 

"Bu baxımdan iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur. Yəqin ki, Belarus Baş nazirinin Bakıya səfəri çərçivəsində məhz bu münasibətlərin dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.

Ən vacibi odur ki, Belarusun həm siyasi, həm də iqtisadi tərəfdaşlara ehtiyacı var və bu kontekstdə Azərbaycan strateji əhəmiyyət daşıyan bir ölkə kimi ön plana çıxır. İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması isə bu səfərin əsas gündəm mövzularından biri ola bilər".

 

Aytən Ağazadə