Danışıqlarda Tramp yerinə Rubio iştirak edəcək

Bölmə: Siyasət › ,
Tarix: 21:07 15.05.2025

 

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə getməyəcək.

Bildirilib ki, bu qərar Vladimir Putinin Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləməsindən sonra verilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp ona görə Türkiyəyə gəlmək istəyirdi ki, Rusiya Prezidenti Vladimir Putinin də həmin tədbirdə iştirak etmək məsələsi gündəmdə idi:

 

“Ukrayna prezidenti Volodimir Zelenski, Putin İstanbulda danışıqları başlamağa təklif etdikdən sonra açıqlama verib. Birbaşa Putinin özü ilə danışıqlar aparmaq istəyir. Bu məsələ müzakirə edilirdi ki, Putin gələrək danışıqlar prosesində iştirak etsin. Liderlərin birbaşa görüşü keçirilsin. Tramp bu məsələ ilə bağlı görüşdə  iştirak etmək üçün İstanbula gəlmək istəyib.

Ancaq daha sonra da məlum oldu ki, Vladimir Putin birbaşa danışıqlar da iştirak etmək istəmir.  Öz köməkçisini nümayəndə heyətinin rəhbəri təyin edərək İstanbula göndərir.  Liderlərin arasında görüş keçirilməyəcək. 

Ukrayna Prezidenti Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula gəlib.  Ancaq Putin gəlməyib. Buna görə də ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyəcək. 

Bunun əvəzində dövlət katibi Marko Rubionun səfəri gözlənilir. Artıq Rubionun hətta Türkiyəyə səfər etdiyi bildirilir. Danışıqlar prosesini ABŞ-nin  diplomatik korpus nümayəndələri izləyəcəklər”.

 

Ekspert qeyd edib ki, Donald Tramp prezident seçildikdən sonra ilk rəsmi xarici səfərini Ərəb Ölkələrinə- Səudiyyə Ərəbistan, Qətər, Birləşmiş Ərəb Əmirliklərinə edib:

 

 

“Yaxın zamanlarda onun Türkiyəyə səfəri danışıqlar prosesindən asılı olacaq. Suriyada hakimiyyət dəyişikliyindən, Rusiya-Ukrayna danışıqlarının İstanbulda keçirilməsi barədə razılıq əldə edildikdən sonra Türkiyənin mövqeyi beynəlxalq münasibətlər sistemində kifayət qədər güclənib. Bu məsələ ilə bağlı Türkiyənin mövqeyi gücləndiyi üçün Amerika Birləşmiş Ştatlarının da  Türkiyəyə marağı artır.  ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər edib, Ərdoğanla danışıqlar apara bilər”.

 

 

Nuray Əliyeva