İran xaricdəki qətllər üçün cinayətkar qruplardan istifadə edir

Tarix: 22:00 15.05.2025
BBC-nin araşdırmalarına görə, İran rejimi xaricdəki jurnalistlərə, dissidentlərə və siyasi rəqiblərə qarşı sui-qəsd və adam oğurluqları üçün beynəlxalq cinayətkar dəstələrlə əməkdaşlıq edir. Türkiyə və ABŞ məhkəmə sənədləri bu fəaliyyətlərdə İranın adının keçdiyini təsdiqləyir.
Adı bu hadisələrdə tez-tez hallanan şəxslərdən biri narkotik qaçaqmalçısı kimi tanınan Naci Şərifi Zindəştir. O, 2017-ci ildə İranda qiyabi mühakimə olunan televiziya rəhbəri Səid Kərimianın İstanbulda qətlində, daha sonra isə keçmiş SEPAH üzvü Məsud Moləvinin ölümündə şübhəli bilinir.
Zindəştinin adının həmçinin iranlı fəal Həbib Çabın oğurlanması və ABŞ-da iki keçmiş rejim əleyhdarının öldürülməsi planlarında hallandığı sənədlərdə qeyd olunub. ABŞ-da o, Kanadadakı cinayətkar dəstə üzvünə sui-qəsd üçün pul təklif etməklə ittiham olunub.
BBC-yə danışan ekspertlər İranın əvvəllər belə əməliyyatları birbaşa öz agentləri ilə həyata keçirdiyini, lakin indi izi itirmək üçün cinayətkar qruplardan istifadə etdiyini bildirirlər.
ABŞ və Böyük Britaniya İranla əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib. Xüsusilə Britaniyada “İran İnternational” telekanalının əməkdaşlarına qarşı planlaşdırılan hücumlar bu təhdidin ciddiliyini göstərir.
İran rəsmiləri isə bu ittihamları rədd edir və məsələ ilə bağlı açıqlama verməkdən imtina edir.
Mənbə: BBC News
Tərcümə etdi: Türkan Kərimli