Si Cinpin: Çin yoxsulluqla mübarizə təcrübəsini ŞƏT- lə bölüşməyə hazırdır

Tarix: 21:00 21.05.2025
Çin Xalq Respublikasının lideri Si Cinpin bəyan edib ki, Çin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə yoxsulluğun aradan qaldırılması sahəsində topladığı təcrübəni paylaşmağa hazırdır.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, istisnasız olaraq onu da qeyd etmək lazımdır ki, bütün bu addımların uğurlu olmasına təsir edən ən önəmli faktorlardan biri də məhz Çinin mərkəzləşdirilmiş və effektiv idarəetmə mexanizmlərinə sahib olmasıdır.
"İlk növbədə onu qeyd etmək lazımdır ki, Çin Xalq Respublikasının sədri Si Cinpinin yoxsulluğun aradan qaldırılması təcrübəsini Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə paylaşmağa hazır olduğunu bəyan etməsi yalnız ortaq sosial siyasət çağırışı deyil, həm də önəmli xarici siyasi mesajları özündə ehtiva edir. Belə ki, bu bəyanat Çin ilə ŞƏT ölkələri arasındakı əlaqələrin yeni mərhələyə keçəcəyinin, eləcə də Çinin bölgədə sosial, iqtisadi və ideoloji liderlik mövqeyini möhkəmləndirmək istiqamətində olan strateji hədəflərinin açıq bəyanı kimi də nəzərdən keçirilə bilər. Təbii ki, Çin son onilliklər ərzində yoxsulluğun aradan qaldırılması sahəsində mühüm nailiyyətlər əldə edən qlobal aktorlardan biridir. Xüsusilə də, Çinin dəqiq hədəflənmiş yardım siyasəti xüsusi önəm kəsb edir. Belə ki, bu siyasətin nəticəsində yoxsul ailələr müəyyən olunmuş və onlara uyğunlaşdırılmış fərdi dəstək proqramları tətbiq edilmişdir. Həmçinin sahibkarlığın təşviqi, infrastrukturun inkişafı və məşğulluq imkanlarının yaradılması istiqamətində atılan addımlar da mühüm xarakter daşıyır. İstisnasız olaraq onu da qeyd etmək lazımdır ki, bütün bu addımların uğurlu olmasına təsir edən ən önəmli faktorlardan biri də məhz Çinin mərkəzləşdirilmiş və effektiv idarəetmə mexanizmlərinə sahib olmasıdır. Ona görə də Çin modelinin ŞƏT ölkələrində tətbiq edilməsinin mümkünlüyü ilə bağlı bir çox istiqamətdə əsaslı şübhələr ola bilər. Eləcə də, ŞƏT-ə üzv olan dövlətlərin hər birinin oxşar proqramları maliyyələşdirmək üçün yetərli resursları yoxdur. Deməli Si Cinpinin bu təklifinin icrası üzv dövlətlər üçün bərabər imkanlar təqdim etmir. Çin isə bu addım ilə daha çox ŞƏT daxilində öz liderlik mövqeyini həm iqtisadi, həm də sosial idarəetmə sahəsində gücləndirməyi hədəfləyir".
Səmayə Səftərova