Beynəlxalq Hüquq Susur, Silahlar Danışır

Bölmə: Dünya › ,
Tarix: 20:57 22.05.2025

Cenin şəhərinə səfər edən nümayəndə heyətinin tərkibində bizim diplomat da olub və səfər zamanı heyət İsrail əsgərləri tərəfindən atəşə tutulub. Bu barədə Fransanın xarici işlər naziri Jan Noel Barro açıqlama verib.

 

“Bu, qəbuledilməzdir. İsrail səfiri izahat vermək üçün çağırılacaq",– deyə o bildirib.

 

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. İsrail mediası işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində xarici diplomatların səfəri zamanı İsrail əsgərlərinin “havaya xəbərdarlıq atəşi” açdığını iddia edir. Lakin diplomatlar İsrail əsgərlərinin onlara birbaşa atəş açdığını bildirirlər.

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, beynəlxalq qanun və konvensiyalara əsasən, diplomatların toxunulmazlığı təmin edilir:

 

“Lakin silahlı münaqişələr zamanı bu prinsiplər çox zaman kağız üzərində qalır. Yaxın Şərqdə baş verən son hadisələr bir daha göstərir ki, bu regionda münaqişələrin həlli hüquqla deyil, güc tətbiqi ilə həyata keçirilir. İsrailin hazırda apardığı siyasət beynəlxalq normalara, o cümlədən insan hüquqları və müharibə qanunlarına ziddir. Bu hüquqi çərçivələr açıq şəkildə pozulur və beynəlxalq ictimaiyyətin səssizliyi vəziyyəti daha da mürəkkəbləşdirir.

 

Diplomatların münaqişə bölgələrində sərbəst hərəkəti, xüsusilə təhlükəli ərazilərə səfərləri xüsusi koordinasiya və xəbərdarlıq tələb edir. Belə bölgələrdə diplomatik nümayəndəliklərin fəaliyyəti barədə hərbi əməliyyatlar aparan tərəfə əvvəlcədən məlumat verilməlidir. Əks halda, qarşı tərəf bu fəaliyyəti təhlükə kimi qiymətləndirə və hərbi reaksiya göstərə bilər.

 

Fransa səfirliyinin münaqişə zonasındakı fəaliyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir. Əgər Fransa tərəfi səfər barədə əvvəlcədən məlumat verməyibsə, bu, qarşı tərəf tərəfindən təxribat kimi qiymətləndirilə bilər. Rəsmi Paris bu bölgədə hərbi əməliyyatların getdiyini və orada istənilən mülki və ya diplomatik hərəkətin ciddi nəticələrə səbəb ola biləcəyini bilməmiş deyil.

 

Eyni zamanda, Fransa rəsmilərinin məsələ ilə bağlı verdiyi açıqlamalar, əgər həqiqəti əks etdirirsə, bu, o deməkdir ki, səfirliyin fəaliyyəti müvafiq hərbi strukturlarla razılaşdırılmayıb. Bu isə beynəlxalq hüquq baxımından ciddi problemdir və arzuolunmaz nəticələrə gətirib çıxara bilər".

 

Politoloq əlavə edib ki, bu kimi halların qarşısını almaq üçün BMT-nin və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq qurumların məsələni obyektiv şəkildə qiymətləndirməsi vacibdir:

 

“Təəssüf ki, insan hüquqlarını və demokratik dəyərləri müdafiə etdiyini bəyan edən Qərb, başda ABŞ olmaqla, İsraildə baş verən hadisələrə biganə yanaşır və bu prosesə təsir etmək üçün konkret addımlar atmır.

 

Nəticə etibarilə, istənilən ölkənin diplomatik nümayəndəliyinə qarşı atəş açılması beynəlxalq konvensiyaların pozulmasıdır və bu, qətiyyətlə pislənməlidir. Eyni zamanda, münaqişə bölgələrinə diplomatik heyət göndərilərkən müvafiq tərəflərlə əvvəlcədən razılaşdırma aparılması vacibdir; əks halda, bu cür insidentlər yenidən baş verə və regiondakı vəziyyəti daha da gərginləşdirə bilər".

 

Aytən Ağazadə