Uzun müddət oturmaq beyninizin kiçilməsinə səbəb ola bilər

Tarix: 23:03 22.05.2025
ABŞ-də aparılan yeni bir araşdırmaya görə, uzun müddət oturmaq yalnız fiziki sağlamlığa deyil, beyin quruluşuna da mənfi təsir göstərir. Araşdırmaya əsasən, gündəlik idman belə bu təsiri tamamilə aradan qaldıra bilmir.
Vanderbilt Universiteti, Pittsburgh Universiteti və Seul Milli Universitetindən alimlərin apardığı araşdırmada 50 yaş və üzəri şəxslərin oturma müddətləri ilə beyin sağlamlığı arasındakı əlaqə öyrənilib.
Araşdırmada hərəkətsiz həyat tərzinin başda Alzheimer olmaqla demens növləri ilə əlaqələndirilə biləcəyi qeyd olunub. Mütəxəssislər yalnız idman etməyin yetərli olmadığını, həm də oturaq keçən müddətin azaldılmasının vacib olduğunu vurğulayıblar.
Araşdırmada yaşı 50-dən yuxarı olan 404 könüllü iştirakçı bir həftə boyunca taxdıqları sensorlar vasitəsilə izlənilib. İştirakçıların 87 faizi həftəlik tövsiyə olunan minimum 150 dəqiqəlik fiziki fəaliyyət normasına əməl etsə də, buna baxmayaraq gün ərzində daha uzun müddət oturan şəxslərdə beyin həcminin kiçilməsi və idrak qabiliyyətində geriləmə əlamətləri müşahidə olunub.
Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə müşahidə edilib. Bu bölgə Alzheimer xəstəliyində ilk təsirlənən beyin sahələrindən biri kimi tanınır.
Nevroloq Dr. Marissa Gogniat bildirib: “Alzheimer riskini azaltmaq təkcə idmanla bağlı deyil. Gündəlik oturma müddətini azaltmaq da olduqca önəmlidir.
Mütəxəssislər bu nəticələrin fiziki fəaliyyətin əhəmiyyətini azaltmadığını da xatırladır. Bildirilir ki, fiziki aktivlik həm bədən, həm də zehin sağlamlığına müsbət təsir göstərir, hətta az miqdarda hərəkət belə beyni daha dözümlü edə bilər.
Lakin tədqiqatçılar vurğulayırlar ki, gün ərzində uzun müddət masa arxasında oturan və ya hərəkətsiz həyat tərzi keçirən şəxslər oturma müddətlərini azaltmaq üçün tədbirlər görməlidirlər.
TRT XƏBƏR
Lalə Qurbanlı